“Neftçi” Laurentsiu Regekampfla vidalaşmaq  üzrədir. Klub rəhbərliyi uğursuzluğun əsas səbəbkarı kimi baş məşqçini görür və haqsız deyillər. Doğrudur, bu məşqçinin təyinatına görə həm də rəhbərlik suçlu sayılmalıdır. Çünki rumın çalışdırıcının komandanı böhrandan çıxara bilməyəcəyi elə təyinatı zamanı ehtimal edilirdi.

Futbolinfo.az xəbər verir ki, klubun sponsorları, Müşahidə Şurası nəticələrdən ciddi şəkildə narazıdır. Komandanın çempionluq yarışından tez qopması, “Qarabağ”ı özündən 22, “Sabah”ı 13 xal irəli buraxması, üstəlik, kubokun finalında da uduzması baş məşqçini hədəfə gətirib. Bu səbəbdən onun istefaya göndərilməsi qərara alınıb.

Rumıniya mətbuatında çıxan xəbərlər təsadüfi deyil – Regekampf tezliklə yola salınacaq. Klub rəhbərliyi hazırda ödəyəcəyi kompensasiyanın məbləğini maksimum azaltmaq üçün onunla danışıq aparır. “Ağ-qaralar” 100 min avroluq təzminatı mümkün qədər azaltmağa çalışır, Laurentsiu isə güzəştə getmək istəmir.

Ötən ilin yayında “Neftçi”yə gələn Regekampfın müqaviləsi növbəti mövsümün sonunda başa çatmalıdır. 47 yaşlı mütəxəssis Bakıya gələnədək 14 iş yeri dəyişmişdi. O, yalnız “Styaua”da iki il (iki dəfə) postunda qalıb, digər hallarda qısa müddətdən – ən yaxşı halda bir ildən sonra istefaya göndərilib. “Neftçi” də istisna olmayacaq.

Bakılılar məşqçi məsələsini mümkün qədər tez həll etmək istəyir. Ötən yay həm məşqçi təyinatında, həm də transferlərdə kifayət qədər yubanan klub bunun acısını çəkdi. Digər namizədlər danışıqların uzanması üzündən imtina etdiyi üçün sıradan çıxdı və “Neftçi” demək olar, məcburiyyətdən Regekampfla anlaşdı. Onun uğursuz işini isə hamımız birlikdə gördük.

Klubun Müşahidə Şurası bu dəfə gecikmək istəmir. Ötən yay onların qərarsızlığı üzündən transferlər, təyinat yubanmışdısa, bu dəfə elə olmayacaq. Artıq klub rəhbərliyinə məşqçini razı salıb müqaviləyə xitam vermək, eyni zamanda ona sələf olacaq yeni namizədlərin siyahısını hazırlamaq tapşırılıb.

FƏRİD

Shares: