2023-2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin növbəti mərhələlərdəki potensial rəqibləri artıb. Futbolinfo.az saytının məlumatına görə, yarışa II raunddan başlayacaq komandalarımız mərhələ adlayacaqları təqdirdə, tanınmış klubları Azərbaycana gətirə bilərlər.

Çünki hər üç klub yoluna davam edəcəyi halda istər III raundda, istərsə də pley-offda səpələnməmişlər səbətində olacaq. III təsnifat mərhələsində artıq 9 komanda rəqiblərini gözləyir. Onlardan 5-i səpələnmişlərdə olacaq.

Pley-offun isə 4 iştirakçısı bəllidir. “Neftçi”, “Sabah” və ya “Qəbələ” iki rəqibini keçə bilsə, pley-offda daha böyük klubla qarşılaşmalı olacaq. Təsadüfi deyil ki, “Top-5” liqaların təmsilçiləri “Yuventus”, “Ayntraxt” və “Lill” pley-offun püşkü zamanı güclülərin səbətində olacaq. Yəni, bu klubların ölkəmizə gəlmək ehtimalı yarana bilər. İngiltərədə mövsümün sürpriz komandası “Aston Villa”nın isə hansı səbətdə qərarlaşacağı hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 24-də, pley-offun püşkatma mərasimi isə avqustun 7-də olacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər: “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya), “Aruka” (Portuqaliya)

Səpələnməmişlər: “Hayduk” (Split, Xorvatiya), “Harts” (Şotlandiya), “Brann” (Norveç), “Nordsyelland” (Danimarka)

Pley-off mərhələsi

Səpələnmişlər: “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Lill” (Fransa)

Səpələnməmiş: “Osasuna” (İspaniya)

Qeyri-müəyyən: “Aston Villa” (İngiltərə)

Shares: