Səudiyyə Ərəbistanı klublarının dünya ulduzların marağı səbəbsiz deyil. Ölkə rəhbərliyi bunu dövlət siyasətinə çevirib və maliyyələşdirməsinə hazırdır.

Futbolinfo.az xəbər verir ki, ərəblər DÇ-2030-a namizədliyini vermək niyyətindədir. Bu səbəbdən futbolun populyarlaşdırılması və diqqət çəkmək üçün tanınan futbolçulara sərvət xərcləyirlər. Kriştianu Ronaldonun “Əl Nəsr”ə transferi bu planın başlanğıcı idi. Təsadüfi deyil, portuqaliyalı ulduzun məvacibinin 80 faizi dövlət büdcəsindən ödənilir.

İndi isə “Əl İttihad”, “Əl Nəsr” və “Əl Hilal” klublarının hər biri Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PİF) tərkibində qeyri-kommersiya fondlarına məxsus şirkətlərə çevriliblər. Hər klub bir şirkət kimi 75% İctimai İnvestisiya Fonduna (PİF) və 25% qeyri-kommersiya fondlarına məxsus olacaq. Bu isə o deməkdir ki, bu klublar birbaşa Səudiyyə Ərəbistanı hökuməti tərəfindən maliyyələşdiriləcək.

Klubların qarşısına dünya ulduzlarını transfer etmək tapşırığı qoyulub. Ronaldonun ardınca “Əl İttihad” Kərim Benzemanı, “Əl Hilal” isə Lionel Messini transfer etmək üzrədir. Kərim artıq iki illik müqaviləni razılaşdırıb və ilinə 100 milyon avro qazanacaq, Leo isə daha böyük məbləğli təklifə tezliklə cavab verməlidir. Serxio Buskets, Serxio Ramos və başqa ulduzlar da bu ölkəyə getmək üçün variantları götür-qoy edir.

Shares: