Fransada “Roland Garros” turnirinin 4-cü mərhələsi başa çatıb. Dünən keçirilən oyunlardan sonra ¼ finalın bütün cütlükləri məlum olub.

Kişilərin yarışında Aleksandr Zverevin qələbəsi qeyd edilməlidir. Almaniyalı tennisçi keçən il Fransada aldığı zədədən sonra ilk dəfədir ki, ardıcıl 4-cü oyunda qələbə qazanıb. Zverev 1/8 final mərhələsində Qriqor Dimitrovu məğlubiyyətə uğradıb – 6:1, 6:4, 6:3. Bu, onun karyerasında “Roland Garros”da beşinci ¼ final olacaq.

3 set davam edən digər oyun Yoşixito Nişioka ilə Tomas Martin Etçeverri arasında olub. Argentinalı tennisçi yalnız ilk setdə çətinliklərlə üzləşib. Həmin seti tay-brekdə qazanan Etçeverri sonrakı setlərdə 6:0 və 6:1 üstün olub. Beləliklə də, Tomas Martin ¼ finalda Aleksandr Zverevə rəqib olub. Bu, onun “Böyük dəbilqə” seriyalı turnirlərdə ilk ¼ finalı olacaq.

Qeyd edək ki, onların oyununda qalib gələn tərəf reytinq cədvəlində ilk 30 tennisçi arasına qatılacaq. Aleksandr üçün bu yenilik olmasa da, argentinalı tennisçi üçün böyük nəticə sayılır. Zverev zədəyə qədər ilk beşliyin daimi üzvü idi.

Ötən il bu turnirdə finalda çıxış edən Kasper Ruud yenə də inamla irəliləyir. Norveçli idmançı bu dəfə Nikolas Xarrini məğlubiyyətə uğradıb. Matçın 3 set davam etməsinə baxmayaraq, gərginlik yüksək səviyyədə olub. Kasper yalnız setlərin sonlarında rəqibin müqavimətini qıra bilib – 7:6, 7:5, 7:5.

Günün ən drammatik oyunu isə Holger Rune ilə Fransisko Serundolo arasında olub. Keçən il Rafael Nadala da burada çətinlik yaşadan Serundolo torpaq kortlarda güclü olduğunu yenə sübuta yetirib. Lakin bütün bunlar danimarkalı tennisçinin ¼ finala çıxmasına mane olmayıb – 7:6, 3:6, 6:4, 1:6, 7:6.

İlk dəfə beş setlik oyunda iştirak edən gənc tennisçinin növbəti mərhələdə rəqibi Kasper Ruud olacaq. Xatırladaq ki, keçən il də onlar bu mərhələdə üz-üzə gəlmişdilər. Həmin oyunda Kasper qələbə qazanmışdı. Görüşdən sonra iki tennisçi arasında hətta mübahisə də baş vermişdi.

Qadınların turnirində İqa Şvyontekin mərhələni adladığını qeyd etməliyik. Onun rəqibi Lesya Tsurenko ilk setdə 1:5 hesabı ilə məğlub durumda olarkən mübarizədən çəkilib. Bu qələbə ilə də o, “Roland Garros” tunrirində ardıcıl 4-cü dəfə ¼ finala çıxıb. Burada qazanılan qələbələrin faizinə görə isə polşalı tennisçi ikinci yerə yüksəlib. İlk pillənin sahibi 92,6 %-lik göstəriciylə Marqaret Kortdur.

Amerikalı Koko Qauff Slovakiyadan olan Karolina Şmidlova üzərində qələbə qazanıb – 7:5, 6:2.

Ən maraqlı oyunlardan biri Beatris Mayya ilə Sara Tormo arasında olub.  Braziliyalı tennisçi ilk setdə məğlub olub. Lakin sonrakı iki setdə Sara yaxşı təsir bağöışlaya bilməyib. Bununla da Beatris Haddad Mayya ¼ finala yüksəlib. Tunisli Ons Jaber isə ABŞ-dən olan Bernarda Perranı 6:3, 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu gün kişilərin ¼ final mərhələsində Cokoviç  Xaçanovla , Alkaras isə Tsitsipasla qarşılaşacaq. Qadınların turnirində eyni mərhələdə Svitolina Sabalenko ilə, Muçova isə Pavlyuçenkova ilə oynayacaq.

Shares: