Futbol üzrə növbəti mövsüm geridə qalmaq üzrədir. Avropanın 5 ən güclü çempionatlarında hər şey məlumdur. Təkcə İtaliyada B seriyasına yolanacaq bir komandanın adı qeyri-müəyyəndir. Onu da “Spetsiya” ilə “Verona” öz aralarındakı oyunda müəyyənlədirəcəklər. A seriyasının reqlamentinə görə, düşmə zonasında eyni xal yığan komandalar aralarında oyun keçirməlidirlər.

Fransa

Fransada çempion ənənəvidir. Son illərdə Qətər şeyxlərinin sərmayəsi PSG-ni əlçatmaz edib. Ölkə daxilində uğurlara baxmayaraq, mövsümü onlar üçün ürəkaçan adlandırmaq olmaz. Əsas hədəf olan Çempionlar Liqasının titulu hələ də uzaq görünür. Lionel Messinin komandaya gəlişi də heç nəyi dəyişmədi. Argentinalının keçidi nə nəticələrə təsir etdi, nə də liqanın reytinqini yüksəltdi. Məhz buna görə də azarkeşlər son oyunda onu fitlə yola saldılar.

4eed69f7 107b 47a3 9f84 67de8bb8e2dd - Futbolinfo.az

Çempionatin əsas sürprizi “Lans” oldu. Kiçik bir şəhərin komandası 2-ci yeri tutaraq ÇL-ə birbaşa vəsiqə qazandı. Sözügedən turnirin təsnifat mərhələsində Marsel “Olimpik”i çıxış edəcək. “Tuluza” ölkə kubokunu qazandığına, “Renn” də 4-cü yeri tutduğuna görə Avropa Liqasında oynamaq hüququ qazanıb.

“Oser”, “Ayaçço”, “Trua” və “Anje” komandaları güclülər dəstəsini tərk edir. Onların əvəzinə Havr və Mets şəhərinin komandaları gəlir. 4 komanda əvəzinə ikisinin gəlməsi klubların sayının azalmasına görədir. Gələn mövsümdən Liqa 1-də 18 komanda çıxış edəcək.

Almaniya

Bundesliqada sonluq ən güclü 5 çempionat arasında ən drammatik alınıb. Çempionluq son turun son dəqiqələrində müəyyənləşib. Bu mövsüm Almaniyada iki komandanın çempion olmamaq mübarizəsi gedib. “Bayern” və Dortmund “Borussiya”sı 2023-cü ildə qarşılıqlı hədiyyələr etməklə məşğul olub. Son turdan əvvəl lider olan Dortmund təmsilçisi evdə “Maynts”a qalib gələ bilməyərək titulu münhenlilərə bağışlayıb.

431d44d6 adca 457e b6fc 6c2ee4651a15 - Futbolinfo.az

Ardıcıl 10-cü dəfə çempion olan “Bayern” Yulian Nagelssmanın gedişi və Tomas Tuhelin gəlişindən sonra ümidləri doğrultmayıb və Avropada biabırçı şəkildə mübarizəni dayandırıb. Bunun nəticəsi kimi çempionluq rəsmiləşəndən dərhal sonra klubun idarəçiləri – Hasan Salihamiciçlə Oliver Kan istefaya göndərilib.

Ölkənin şərqində yerləşən iki komanda da Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb. Bunlar “Leypsiq” və Berlinin “Yunion” komandasıdır. “Frayburq” yenə də Avropa Liqasında çıxış edəcək. Neçə illərdir elitaya dönmək istəyən “Hamburq”un arzusu bu dəfə də reallaşmayıb. İkinci bundesliqada 3-cü yeri tutan komanda keçid oyunlarında “Ştutqart”la bacarmayıb. “Şalke” haradan gəlmişdisə , yenidən ora qayıdıb. Helzenkirxen komandası ilə birlikdə “Herta” da aşağı liqaya yuvarlanıb. “Haydenhaym” və “Darmştat” isə növbəti mövsümü Bundesliqada keçirəcək.

İtaliya

İtaliyada son 33 ildə ilk dəfə “Napoli” çempion olub. Dieqo Maradonadan sonra titula həsrət qalan komanda mövsümün əvvəlindən yığıdığı sürəti bu dəfə aşağı salmayıb. Xviça Kvaratsxeliyanın A Seriyasında ilk mövsümü uğurlu alınıb. Onun Viktor Osimhenlə tandemi “Napoli”yə çoxlu sayda çempionluq xalları qazandırıb. Təəssüf ki, mövsüm bitdikdən dərhal sonra baş məşqçi Luçano Spalletti rəhbərliklə dil tapmadığına görə istefaya göndərilib.

c8533471 8a50 4e43 808c b8ab7484277a - Futbolinfo.az

Mövsümdə kifayət qədər xal yığmasına baxmayaraq, “Yuventus” Çempionlar Liqasından kənarda qalıb. Buna da səbəb Turin komandasının 10 xalının silinməsidir. “Latsio”, “İnter” və “Milan” yeni mövsümdə ÇL-də çıxış edəcəklər. A Seriyasını “Kremoneze” və “Sampdoriya” tərk edir. Genuyanın digər komandası isə “Frozinone” ilə birlikdə elitaya yüksəlib. Sonuncu gedən və gələn tə tezliklə müəyyənləşəcək.

Bu mövsüm İtaliya klubları üçün uğurlu olub. Avrokubokların hər üçündə İtaliyanın bir komandası finala yüksəlib. Yadda qalan digər məqam Zlatan İbrahimoviçin “Milan”la vidalaşmasıdır. İsveçli forvard nəhayət ki, futboldan getmək qərarını verib.

İspaniya

La liqada çempion “Barselona”dır. Katalonlar sona bir neçə tur qalmış birinci yeri təmin ediblər. Xavi baş məşqçi kimi ilk çempionluğunu qazanıb. Lakin bütün bunlar skeptikləri öz fikirlərindən yayındırmayıb. “Barselona” həm Çempionlar Liqasında, həm də Avropa Liqasında əvvəlki əzəmətindən uzaq təsiri bağışlayıb. Yeni mövsümdə Xavinin ilk vəzifəsi bu fikri dəyişdirmək olacaq. Əks halda “Barselona” Avropa Liqası səviyyəli bir komandaya çevriləcək.

7c346730 8899 4f9c 8828 2e9808ab23c6 - Futbolinfo.az

Madrid “Real”ı ardıcıl çempion olmaq üçün özündə motivasiya tapmayıb. Mövsümün ilk hissəsini “yola verən” komandanın sonrakı sıçrayışı nəticəyə təsir etməyib. Ölkə daxilində yalnız kubokun finalı “Kral klubu”nun aktivinə yazılmalıdır. Bütün bunlar ciddi dəyişiklilərin baş verəcyindən xəbər verir. Artıq daha üç oyunçu ilə birlikdə Benzemanın gedişi rəsmiləşib. “Real” üçün nəinki bombardir, həm də bir mühərrik olan Kərimin gedişinin necə olacağı yeni mövsümün əsas suallarından biridir. Ondan başqa Eden Hazardla Marko Asensio da komandanı tərk edir. Belçikalı futbolçunun transferi Peres dönəminin ən zərərli keçidlərindən biri olub. Hesablamalara görə, Edenin bir qolu kluba 43 milyon avroya başa gəlib. Asensio isə əsas heyətdə Rodriqoya rəqabəti uduzduğuna görə komandadan ayrılır.

Ənənəvi olaraq Madrid “Atletiko”su Çempionlar Liqasına vəsiqə qazanıb. Paytaxt klubuyla yanaşı “Real Sosyedad”da bu hüququ əldə edib. Avropa Liqasında qələbə qazandığına görə “Sevilya” turnirdə İspaniyanı təmsil edəcək 5-ci komanda olub.

“Elçe”, “Espanyol” və “Valyadolid” La liqanı tərk edir. Son turdan əvvəl 6 komanda Sequndaya yollana bilərdi. “Espanyol”la oyunun son dəqiqələrində penaltidən vurduğu qolla heç-heçə edən “Almeriya” qurtularaq “Valyadolid”i oraya göndərib. “Qranada” və “Las-Palmas” elitaya yüksəlib. Üçüncü komanda isə “Eybar”, “Levante”, “Alaves” və “Albasete”dən biri olacaq.

İngiltərə

İngiltərədə çempion “Mançester Siti” olub. Bu, onların ardıcıl 3-cü və ümumilikdə 7-ci çempionluqlarıdır. Titulların sayına görə klub Premyer Liqada “Mançester Yunayted”dən (13) sonra 2-ci yerə yüksəlib.

ad6abb14 c8b6 42e1 9a8b 152cf6f63132 - Futbolinfo.az

Çempionatın böyük bir hissəsini “Arsenal” liderlik  edib. Lakin həlledici anlarda londonlular xal itkiləri ilə üzləşiblər. Premyer Liqa tarixində ilk dəfə olaraq belə bir uzun müddət ərzində liderlik edən komanda çempion olmayıb. Çempionlar Liqasına düşmək uğrunda yenə də amansız mübarizə gedib. Səudiyyəlilərin maliyyəsi ilə güclənən “Nyukasl” son 21 ildə ilk dəfə böyük klubların yarışdığı turnirdə çıxış edəcək. ÇL-də ölkəni təmsil edən 4-cü klub isə “Mançester Yunayted”dir. Ten Haqın gəlişindən sonra komandada sabitlik yaranıb. Ölkə kubokunun finalında həmşəhərlilərinə məğlub olan “qırmızı şeytanlar” Liqa kubokunu qazanmaqla mövsümü titulla başa vurub.

Avropa liqasında “Liverpul”la “Brayton” çıxış edəcək. Unay Emerinin təyinatına qədər düşmə zonasında olan “Aston Villa” mövsümü 7-ci yerdə bitirərək Konfrans Liqasına vəsiqə qazanıb. Bir neçə komandalıq oyunçu alan “Çelsi” isə son illərin ən uğursuz mövsümünü keçirib. Eyni şəhərdən olan “Tottenhem”in də nəticələri ürəkaçan olmayıb.

Elitanı “Sauthempton”, “Lids” və “Lester” tərk edir. 8 il əvvəl çempion olan “Lester” Brendan Rocersi istefaya göndərsə də, yerini qoruya bilməyib. “Bernli” , “Şeffild Yunayted” və “Luton” gələn il Premyer Liqada çıxış edəcək. “Luton” üçün bu, tarixində ilk belə hal olacaq.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp