“Qəbələ” heyətini yeni qapıçı ilə gücləndirib. Bölgə təmsilçisi Nicat Mehbalıyevi geri qaytarıb.

Futbolinfo.az xəbər verir ki, 2021/22 mövsümünü icarə əsasında “Qəbələ”də keçirən 22 yaşlı qolkiper bu dəfə daimi əsaslarla komandada oynayacaq. “Sabah” 2020-ci ildə “Qarabağ”dan transfer etdiyi Nicatı satıb. Məbləğ yüksək olmasa da, oyunçu bakılılarla azad agent kimi vidalaşmayıb.

Xatırladaq ki, Nicat “Qəbələ”də əsas heyət üzvü olsa da, son mövsümdə “Sabah”da Yusif İmanovun kölgəsində qaldı. Bu səbəbdən o, daim oynayacağı komandaya keçmək istəyib və transfer reallaşıb. Tezliklə rəsmi açıqlama verilməlidir.

Nicat “Qəbələ”dən ayrılan Səlahət Ağayevi əvəzləyəcək. Son mövsümdə səhvləri ilə diqqət çəkən, bu üzdən axırıncı oyunlarda əsas heyətdəki yerini Kristof Atanqanaya verən qapıçı bölgə təmsilçisini tərk etmək qərarına gəlib. Onun “Səbail”də “Neftçi”yə yollanan Emil Balayevi əvəz edəcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp