Azərbaycanda 2010-2012-ci illərdə “Neftçi”nin, 2012-2015-ci illərdə isə “İnter”in (indiki “Şamaxı”) formasını geyinmiş, 43 yaşlı şimali makedoniyalı Slavço Georgiyevskinin futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Neftçi” Azərbaycan çempionatının 2022-23 mövsümünü üçüncü pillədə başa vurdu, ölkə kubokunun finalında isə məğlub oldu. “Ağ-qaralar”ın çıxışını necə dəyərləndirirsiniz?

– Bu, olduqca zəif nəticədir. Komandanın düşdüyü durumu başqa cür izah edə bilmərəm. Belə böyük klubun mövsümü titusuz tamamlaması heç yaxşı hal deyil. Çempiondan 22 xal geri qalmaq “Neftçi” kimi komandaya yaraşmaz.

– “Qəbələ”yə qarşı keçirilən Azərbaycan Kubokunun final oyununu izlədiniz?

– Nəticədən xəbərdaram. “Neftçi” əgər kubokun finalındadırsa, rəqibin kimliyindən asılı olmayaraq, favorit olmalıdır. Yəni bura qədər gəlmisənsə, kuboku qazanmalısan. Bunun üçün əlavə motivasiyaya ehtiyacın olmamalıdır. Ancaq təəssüf ki, komanda bunu bacarmadı.

– Əksəriyyət uğursuzluğa görə baş məşqçi Laurentsiu Regekampfı günahlandırır. Siz bu fikirlə razısınız?

– Əlbəttə, uğursuzluqda əsas məsuliyyəti baş məşqçi daşıyır. Bütün günahı onun üzərinə atmaq da doğru olmaz. Regekampf təcrübəli mütəxəssisdir. Amma Azərbaycan çempionatı bəzilərinin düşündüyü kimi zəif deyil. Sizin çempionatınızda kifayət qədər nüfuzlu məşqçilər çalışıb ki, uğur qazana bilməyiblər. Ümid edirəm ki, Regekampf növbəti mövsüm “Neftçi” ilə uğurlu olar. Hər bir məşqçiyə vaxt lazımdır.

– Son illər “Neftçi”yə gələn baş məşqçilərin hamısı vaxt istəyib. Ancaq azarkeşlərin artıq buna səbri qalmayıb…

– Razıyam, “Neftçi”də bu, böyük problemdir. Əgər baş məşqçiyə güvənirsənsə, sona qədər onun arxasında durmalısan. Təbii ki, əlinin altına da güclü oyunçular vermək vacibdir. Sadəcə, “Neftçi”də işlərin yolunda getmədiyi aydındır. Bildiyim qədərilə maliyyə problemləri də yoxdur. Ötən ilin yayında etdikləri transferlər komandanın güclənməsinə kömək olmadı.

– Klub prezidenti Kamran Quliyev bu yay TOP-5 liqalardan oyunçular transfer edəcəklərini deyib. Sizcə, bu, çıxış yoludur?

– İstənilən komandanın güclü futbolçulara ehtiyacı var. Amma bayaq baş məşqçilərlə bağlı dediyim fikirlər oyunçular üçün də keçərlidir. Ada aldanıb futbolçu gətirmək doğru olmaz. Gələcək futbolçunun ölkəyə, komandaya adaptasiya məsələsi, sistemə uyğun olması daha vacibdir.

– Sizin də artıq baş məşqçi kimi təcrübəniz var. “Neftçi”ni çalışdırmaq variantı yaransa, cavabınız nə olar?

– Bəli, bir müddətdir məşqçiliklə məşğulam, iki komandada işləmişəm. Artıq “Pro” kateqoriyam da var. “Neftçi” isə həmişə ürəyimdə olan klubdur. Keçmiş komandama kömək etməyə hər zaman hazıram. Azərbaycan futbolunu bəyənirəm, yerli mentalitetə bələdəm. Azərbaycanda işləmək gözəl olar. Bunun pulla heç bir əlaqəsi yoxdur. Futbolçu dönəmində olduğu kimi, məşqçi kimi də Azərbaycan futboluna töhfə vermək variantına “yox” demərəm. “Neftçi”dən ayrıldığım zaman dua etmişdim ki, nəvaxtsa baş məşqçi kimi ora qayıdım, futbolçu kimi qazana bilmədiklərimi tamamlayım.

FƏRİD

Shares: