Zaman dəyişib, artıq ictimai reaksiya çox mətləbi üzə çıxarır. İnsanların şəxsə, olaya, prosesə münasibətindən hər şey aydın olur.

Məsələn, Kazbek Tuayev dünən Gənclər və İdman Nazirliyini tənqid edib. Normalda bu, ciddi ajiotaj doğurmalı, insanlar nazirliyi tənqid atəşinə tutmalı idi. Lakin əksinədir, böyük əksəriyyət məhz Tuayevi qınayır. Deməli, cəmiyyət Kazbek müəllimi süzgəcdən keçirib, əməlləri ona qarşı münasibəti formalaşdırıb. Deyingən veteranın yalnız şəxsi mənafeyini düşünməsini, ona toxunulanda səsini çıxarmasını başa düşür və kimsə müdafiə etmir.

İllərdi layiq olmadığı imtiyazların hesabına şah kimi yaşayan, ancaq “al əli”ni açıq saxlayan Tuayev həmişə başda oturdulub. Ölkə futbolu bərbad gündədir, AFFA İcraiyyə Komitəsinin əbədi üzvü bir dəfə kimisə tənqid etməyib, nüfuzundan istifadə edərək problemi qabartmayıb, malalayaraq pulunu qazanıb. Bu gün 10 komandalı Premyer Liqada yerli futbolçu qıtlığı yaşanır, yığma komandalara layiqli namizədlər yoxdur, milliləşənlərlə say düzəldilir. Kazbek müəllim isə son 15-20 ildə susub, hər yerin gülüstan olduğunu deyib, əksinə, futbolçu yetişdirməli olduğu məktəbində nərd, domino oynanılıb.

Və indi aparılan islahatlarda onun özünə növbə çatanda çabalamağa, təhdid etməyə başlayıb. AGİN-i tənqid etmək üçün xeyli səbəb var, yanlış addımların atıldığı məqamlar yetərincədir. Lakin insaf naminə, indiki rəhbərlik yeyitntiləri aradan qaldırmağa, fəaliyyətsizləri sıradan çıxarmağa çalışır, təmizləmə aparır. Belədə ümumi idmanın inkişafının yox, öz talasını qorumağın hayına qalmaq niyyətin göstəricisidir.

Futbol veteranı gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlari Uşaq Gənclər Futbol Məktəbinin direktoru vəzifəsindən azad olunmasından narazıdır. Tuayev bununla əlaqədar ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. O, iddia edib ki, may ayında Gənclər və İdman Nazirliyi tərəfindən vəzifəsindən getməklə bağlı ərizə yazmağa məcbur edilib. Bu tələbi yerinə yetirməkdən imtina etdiyini deyən 82 yaşlı futbol veteranı iyunun 5-də gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən azad olunduğunu bildirib. O, yaşının çoxluğu ilə əlaqədar verilən bu qərarı qanunsuz adlandırıb və buna hüquqi qiymət verilməsini xahiş edib.

Tuayev bildirib ki, Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən ona prokurorluq tərəfindən xəyali yoxlama hədələri gəlib: “Məktəbin bütün məşqçi-müəllimlərinə maaşların verilməsi gecikdirilib ki, bu da özlüyündə artıq kobud qanun pozuntusudur. Bütün bunlar nizam-intizamın həmişə hökm sürdüyü kollektivdə sosial gərginliyə səbəb olur. Bu il iyunun 5-də nazir Qayıbovun vəzifədən azad edilməmlə bağlı əmri mənə bildirildi. Yaşıma görə əsaslandırılmış bu qanunsuz qərara hüquqi qiymət verməyinizi, şərəf və ləyaqətimi qorumağınızı, nəinki məktəbin direktoru vəzifəsinə bərpa olunmağımı, həm də Qayıbovun davam edən kadr siyasətinə ciddi diqqət yetirməyinizi xahiş edirəm”.

Tuayev düz deyir. Qayıbov onu yaşı ilə əlaqədar işdən çıxarmamalıydı, daxili yoxlama ilə aşkar edilən qanunsuzluqları ictimailəşdirməli, hüquq-mühafizə orqanlarına müraciət etməliydi…

…O zaman bəlli olacaqdı ki, dövlətin milyonlarının yeyildiyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlari Uşaq Gənclər Futbol Məktəbində nəyə görə illərdir heç kim yetişmir.

…O zaman bəlli olacaqdı ki, işə getmədən, fəaliyyət göstərmədən neçə şəxs maaş alır.

…O zaman bəlli olacaqdı ki, sənəd üzərində göstərilən neçə-neçə futbol qrupu əslində yoxdur.

…O zaman bəlli olacaqdı ki, keçirilməyən, yalandan protokollaşdırılan yüzlərcə matçın pulu havaya sovrulub.

…O zaman bəlli olacaqdı ki, Tuayev dövlətin onun nüfuzuna görə göstərdiyi etimaddan sui-istifadə edib.

Aylar öncə sözügedən məktəbdə islahat aparılacağını yazmışdıq. Nazirlik dəyişikliyi qorxa-qorxa etməklə bu qədər uzatmamalıydı. Tuayevin nüfuzu onun günahlarını sığortalamır, inkişaf naminə islahat lazımdırsa, qəti addımlarla reallaşdırılmalıdır.

Sovet kafalı bu adamın açıqlamalarında təhdid elementlərini görmək mümkündür. “Kollektivdə sosial gərginliyə səbəb olur” cümləsinin cavabı var. Cənab Tuayev, sizin fəaliyyətsizliyiniz nəticəsində Azərbaycan futbolunda ciddi kadr qıtlığı yaranıb və bu, milli komandanın nəticələrində əksini tapıb. Məhz bu üzdən azarkeşlər zəif nəticələrə görə millinin oyunları zamanı stadionlarda istefa şüarları səsləndirir. Deməli, ölkədə ümumi narazılıq yaradanlardan da biri sizsiniz.

Kazbek müəllimdən daha bir sitat: “Yaşıma görə əsaslandırılmış bu qanunsuz qərara hüquqi qiymət verməyinizi, şərəf və ləyaqətimi qorumağınızı, nəinki məktəbin direktoru vəzifəsinə bərpa olunmağımı, həm də Qayıbovun davam edən kadr siyasətinə ciddi diqqət yetirməyinizi xahiş edirəm”.

Açıqlamada sözlər bir-birini döyür – əsaslandırılmış qərar qanunsuz olmur, Tuayev qərarın əsaslandırıldığını etiraf edirsə, qalanı təfərrüatdır. 82 yaşlı Kazbek müəllim hələ də kreslodan yapşırsa, dövlət başçısından işinə bərpasını istəyirsə, deməli, bu şəxsdə hakimiyyət xəstəliyi var. Halbuki bugünə qədər göstərilən hörmətin qarşılığında o, özü istefa ərizəsni yazmalı, gənclərə yol açdığını göstərək nümunə olmalı idi.

Deyəsən, Kazbek müəllim ömrünü kresloda bitirməyə qərarlıdır. O, futbolumuzun “Kazbek zirvəsi” ola bilmədi, Marian çökəkliyinə ənmədən getsə, yaxşıdır.

CAVAD

Shares: