Gənclər və idman naziri Fərid Qayıbov jurnalist olmaq sevdasına düşüb, hər ay hesabat xarakterli cızma-qara edir, “nöqteyi-nəzər”ini bölüşür. Daha çox öz təbliğatına yönələn, özünü “işləyirmiş kimi” göstərməyə hesablanan metoddu.
Etiraf edim ki, daimi oxucuyam. Düzdü, uğursuzluqların üzərindən Novruz tonqalındakı kimi tullanmasını görəndə uğunmaqdan başqa çarəm qalmır, lakin hər yazı həm də tarixdir, yazır, arxivləşdiririk. O, xronologiya yazır, mən isə nazirin hər yazısına istinad edib 2-3 felyeton hazırlaya bilərəm. Zamanı var, onu da edəcəyik. Qayıbov yalançı pafosla dolu sütun yazılarına özünütənqid motivləri qatmırsa, bunu gərək biz edək.
Fərid bəy həm də statistikdir. Rəhbərlik etdiyi nazirlik hər ay Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı medalların siyahısını elan edir. Son olaraq may üçün belə bir siyahı tərtib edilib və məlum olub ki, sən demə, 179 medal qazanmışıq – 59 qızıl, 48 gümüş, 72 bürünc.
Lakin rəqəmlərin arxasında gizlənən nazirlik bu medalların neçəsinin olimpiya idman növündə qazanıldığından bəhs etmir. Heç dünya və ya qitə birinciliyindəki medalların sayı da fərqləndirilməyib. Edə də bilməzlər. Çünki böyük əksəriyyəti dünyada 6-7 ölkədə populyar olan idman növlərində və az qala məhəlli turnirlərdə qazanılıb. İl bitsin, Paris Olimpiadasına planlanan lisenziyaların yarısı qazanılmayanda çuvala doldurulub gətirilən bu medalları biz şeçidləyəcəyik.
İndi nazirin növbəti köşəsini gözləyirəm. Onun cüdoçuların dünya çempionatındakı fiaskosuna nöqteyi-nəzərini bilmək maraqlıdır. Sıradan turnirlərdə “vedrə ilə” uğur qazanan cüdoçuları ifşa edən Doha yarışı görə naziri də ayıldıbmı?
Bu ayın əvvəlində Bakıda (!!!) baş tutan taekvondo üzrə dünya çempionatı da həmçinin… Təsəvvür edin, 13 taekvondoçumuzdan heç biri doğma divarlar arasında medal qazana bilmədi, ən yaxşı halda 1/4 finalda dayandılar. İdman ölkəsinin idman nazirinin bu nəticələrə reaksiyasını həvəslə gözləyəcəm. Yəqin yazının yarısını “Ən yaxşı döyüşçü ruhu” mükafatına layiq görülməyimizə həsr edər. Döyüşçü ruhu – məğlubların könlünü almaq üçün limonlu konfet…
Ciddi, dövlət əhəmiyyətli postunda əyləşən insanlardan daha çox ciddiyyət tələb olunur. Bayatı yazmaq, poeziya lövhələri sıralamaq vəzifənin məsuliyyətini bilməyib onun ətrafında dövrə vurmaq cəhdidir. Olimpiadaya lisenziyalar gəlməyəndə, Parisdə medallar qazanılmayanda mərsiyə deyəcəyik. Cüdoçular və taekvondoçular ciddi yarışlarda uğursuzluğun siqnalını verdilər, ayılmaq üçün gec deyil. Nazir sözügedən idman növləri üzrə federasiyalardan ən azı öz köşəsində hesabat isləməlidir. Mənim nöqteyi-nəzərimcə…
FƏRİD