Çox qəribə coğrafiyada yaşayırıq. Türk olduğumuza görə, türk dünyasına daha yaxınıq. Qərbdə Türkiyə, şərqdə isə Orta Asiya türkləri ilə eyni mədəniyyəti təmsil edirik, eyni düşünürük, eyni hərəkət edirik. Müsəlman olduğumuza görə, daha çox cənub xalqlarına meyilliyik, eyni mentalitet və mənəvi qanun-qaydalarla yaşayırıq…

Doğrusu, buna oxşar o qədər bölgülər aparmaq olar ki. Amma gəlin, mətləbdən uzaqlaşmayaq və istiqaməti futbola dəyişək. Hər nə qədər genetikamız və ruhumuz ikiqütblü olsa da, futbol bizi başqa bucağa dartır. Bu mənada biz postsovet məkanının övladıyıq.

Məsələn, Azərbaycan futbolunda hansısa bir funksiyanı türkə və ya müsəlman xalqlarından birinə həvalə etsən, bizi böhrandan çıxara bilməz. Əslində, bizi heç kim böhrandan çıxara bilməz. Bu məsələnin başqa tərəfidir. Amma Azərbaycan futbolu ölü vəziyyətdə də deyil. Bizim futbol laldır, lalın dilini isə anası bilir. Dünya bizi başa düşməsə də, keçmiş SSRİ ölkələrinin nümayəndələri haradasa “əl hərəkətləri”mizdən nəsə anlayır. Yox, gəlin cümləni belə quraq: ayaq hərəkətlərimizdən baş çıxarır. Bunun səbəbini anlamaq çətin deyil. Çünki 70 il SSRİ-nin bir parçası olduğumuzdan bir qazanda qaynamışıq.

Doğrudur, neftçilərimiz II Dünya Müharibəsində SSRİ-nin qələbəsində böyük pay sahibi olsa da, “Neftçi”miz bizi böyük qələbələri ilə sevindirə bilməyib. Bir sözlə, fontanımız ərşə yüksəlməyib. Xəzərin neftini azərbaycanlılar çıxardığı halda, “Neftçi”nin yükünü yerlilər qədər qeyri-millətlər də daşıyıb. Ovaxtdan həm onlara yük olmuşuq, həm də onları özümüzə yük etmişik. Təəssüf ki, bu bəla və xəstəlikdən hələ də yaxamızı qurtara bilməmişik.

SSRİ dağıldıqdan sonra da Azərbaycan çempionatına axışan əcnəbilər arasında əsasən postsovet məkanından olan mütəxəssislər daha faydalı iş əmsalı ilə diqqət çəkdi. Bir sözlə, Rusiya, Ukrayna və Gürcüstanda əsən küləklər yenə burada fırtına yaratdı. Doğrudur,  Azərbaycan çempionatından ancaq “bu 3 ölkənin təmsilçiləri baş çıxarır” demək bir qədər digərlərinə qarşı haqsızlıq etməkdir. Məsələn, Türkiyədən Rasim Karanın “Xəzər Lənkəran”da, Şimali Makedoniyadan Qyoko Haciyevskinin “Bakı”da gördüyü işləri görməzlikdən gələ bilmərik.  Amma onları istisna etsək, özlərini burada “yandırıb gedənləri” çox görmüşük. Elə az öncə adını çəkdiyimiz “Xəzər Lənkəran” və “Bakı” nümunələri ilə aysberqin əks tərəfinə boylana bilərik.

“Real Sosyedad”a İspaniya Kubokunu, “Real”a La Liqanı qazandıran Con Benjamin Toşak “Xəzər Lənkəran”da ümidləri doğrultmadı. Ya da ki, 2002-ci ildə Kameruna Afrika Millətlər Kubokunu qazandıran Vinfrid Şefer “Bakı”da işləyə bilməyib başını götürüb buradan qaçmadımı? Onların karyeraları belə Azərbaycan çempionatından ağırdır. Di gəl ki, bizim regioun reallıqlarından xəbərsiz olduqlarından, futbolumuzun dilini və mətbəxini bilmədiyinə görə heç nə ilə yadda qalmadılar.

Amma bu “mətbəxin qurmanları” olan postsovet məkanından çıxan mütəxəssislərin burada gördüyü işlərdən söz açmalı olsaq, “Tarixi Nadir” yazmış olarıq. Həqiqətən də onlar futbol tariximizin nadir tapıntılarından olub.  SSRİ milllisin məşhur futbolçularından olan ukraynalı Anatoli Konkovun “İnter”də yeni dəst-xətt açması, 2007/08 mövsümündə onun ənənələrini davam etdirən həmyerlisi Valentin Xodukinin “bankirlər”ə çempionluq qazandırmasını xatırlamaq yerinə düşər.

Yeri gəlmişkən, məhz Xodukin Azərbaycan çempionatı tarixində bir komandaya çempionluq qazandıran ilk əcnəbi məşqçi kimi tarixə düşdü. Daha sonra ənənəni elə bu komandada Kaxaber Tsxadadze davam etdirdi. Onlar qədər uğur qazanmasa da, “Simurq”da Roman Pokora və “MKT-Araz”da İqor Nakoneçnını yada salmaq olar. Pokora “Simurq”u döyüşkən komandaya çevirmişdi, onun kimi Nakoneçnı da İmişli təmsilçisini avrokuboklara daşımışdı.

Əlbəttə, burada ümidləri doğrultmayan postsovet məkanının nümayəndələri də olub. Məsələn, Viktor Pasulko ilə Aleksandr Starkov böyük ümidlərlə gəlib, buradan əliboş geri qayıtdılar. Xüsusən də Latviya millisi kimi iddiasız bir ölkənin millisini 16 komandalı Avropa çempionatına çıxaran Starkovun “Bakı”da baş çıxara bilməməsi bizi məyus etdi. Doğrudur, belə yerdə Yuri Syominin də adını “qaralama dəftəri”nə yazmaq olar.  Hər halda, indikindən fərqli normal büdcəsi olan “Qəbələ” ilə Azərbaycan çempionatının bürünc medalı və ölkə kubokunun finalçısı olmaq böyük qəhrəmanlıq deyil. Amma istənilən halda, onun qoyduğu bünövrə ilə Roman Qriqorçuk bu komandanı əsl göydələnə çevirə bildi. Əlbəttə, tituldan danışıqırqsa, Qriqorçuk də “Qəbələ”yə heç bir kubok qazandıra bilmədi.  Ancaq bunu problemə çevirməyə dəyərmi? Avrokubok təcrübəsi olmayan bir komandanı Roman Qriqoryeviç iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıya bildi.

Qriqorçukun burada etdiyini ancaq “Qarabağ” özünə rəva görə bilir. Digər komandalar isə bu nəticələri ancaq arzulayar.

İndi də Murad Musayev “Sabah”ın təməl daşını qoyur. Əlbəttə, “arxa tullanmamış hop demək” olmaz. Rusiyalı mütəxəssisin görəcəyi işlər hələ qabaqdadır. Ancaq, gəlin, “Sabah”ı “Qəbələ”nin dünəni ilə təzyiq altına salmayaq. Lap “bayquşlar” avrokuboklarda çox uzağa getməsə də, Azərbaycan çempionatında “Qarabağ”a isti nəfəsini hiss etdirməsi nəyə desəniz dəyər. Təbii ki, bunun  da əsas memarı məhz Musayevdir. Hazırda izlədiymiz “Sabah” əsl məşqçi işinin bəhrəsidir. Necə Dieqo Simeone “Atletiko”nun müəllifi sayılırsa, “Sabah” da Musayevin təxəyyülünün məhsuludur.

Əslində, bu dediklərimizi mənfi tərəf kimi qələmə vermək doğru olmazdı. Mənfi cəhət o olardı ki, futbolumuzda olan-qalan uğurumuza əcnəbilər imza ataydı. Halbuki, bizim Qurban Qurbanovumuz var. Onun hər il “Qarabağ”la avrokubokların qrup mərhələsinə vəsiqə qazanması, hətta “köhlən atlar”ı Çempionlar Liqasının qrup mərhələsinə daşıması çox şeydən xəbər verir. Buna qədər məgər Böyükağa Hacıyev “Neftçi” ilə ilk dəfə qrup mərhələsinin sevincini yaşamamışdımı? Deməli, postsovet məkanının nümayəndələrindən asılılığmız yoxdur. Sadəcə, yuxarıda qeyd etdiyimiz kimi, onlar bizim futbol mətbəxdən daha yaxşı məlumatlıdırlar.

Əslində, bu dünyanın hər yerində belədir. Bu gün bir ingilis məşqçi Premyer Liqanı qazana bilməyib. Əvəzində şotlandlar, almanlar və italyanlar Premyer Liqa nəhənglərinə daha çox xeyir verir. Türkiyədə də oxşar vəziyyətdir. Orada da almanlar, italyanlar və rumınlar daha faydalı olur. Deməli, region və mentalitet çox şeydən xəbər verir. Ona görə biz də lal futbolumuzu zərə çevirib zərgərlərin ixtiyarına verməyə utanmayaq…

AĞA

P.S.: Bu yazı rumın Laurentsiu Regelampfdan xeyir görməyən “Neftçi” rəhbərliyi üçün də maraqlı olmalıdır. Ötən yay Viktor Qonçarenko və Yuri Vernidubla danışıqlar sonadək davam etdirilsəydi, indi bəlkə də bakılılar başqa yerlərdə idi.

Shares: