Fransada keçirilən “Roland Garros” turnirində ilk yarımfinal cütlükləri müəyyənləşib. Kişilərin mübarizəsində Novak Cokoviç Karen Xaçanov üzərində qələbə qazanıb – 4:6, 7:6, 6:2, 6:4.

İlk setdən sonra rusiyalı tennisçinin sensasiyaya imza atacağı görünürdü. Lakin bunun reallaşmasına serb idmançı ikinci setdə imkan verməyib. Tay-brek görüşün müqəddəratını həll edib. Burada qalib gələn Novak oyunda dönüş yaratmağı bacarıb.

Qeyd edək ki, bu turnirdə oynadığı bütün tay-breklərin heç birində Cokoviç lazımsız səhv etməyib. Bu da tennisdə həlledici amillərdən biridir. Ümumilkdə 45-ci dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin yarımfinalına yüksələn serbiyalı reytinq cədvəlində yeni həftədən 2-ci pillədə Daniil Medvedevi əvəz edəcək.

Digər ¼ final oyunu daha maraqla gözlənilsə də, tamaşaçılar gərgin mübarizəyə şahidlik edə bilməyiblər. Bunun da səbəbkarı fantastik oyun keçirən Alkaras olub. İspaniyalı tennisçi Stefanos Tsitsipas üzərində rahat qələbə qazanıb – 6:2,6:1,7:6. Oyunda ən maraqlı məqamlardan biri yunan tennisçinin servislərində ilk xalın Karlos tərəfindən qazanılması olub.

Beləliklə də, ilk yarımfinalda Novak Cokoviçlə Karlos Alkaras qarşılaşacaq. İkinci yarımfinalçılar bu gün məlum olacaq.

Qadınların yarışında belaruslu Arina Sabalenko ukraynalı Elina Svitolina üzərində qələbə qazanıb – 6:4,6:4. Oyundan sonra Arinanın əlini sıxmadığına görə azarkeşlər Ukrayna raketka ustasını fitə basıblar. Sabalenkonun rəqibi yarımfinalda Çexiya təmsliçisi Karolina Muxova olacaq. O, rusiyalı Anastasiya Pavlyuçenkovanı məğlub edib – 7:5, 6:2.

Shares: