Bu il Formula 1-in başı bir qədər bəlalıdır. Pandemiya dönəmində çox böyük təhlükələri geridə qoymağı bacararaq çempionatı təşkil edən rəhbərlik bu il müxtəlif problemlərlə üzləşir.

Artıq mövsümün iki qran-prisi təxirə salınıb. Çin mərhələsinin baş tutmayacağı ötən ilin sonlarından bəlli idisə, İmoladakı yarışın ertələnəcəyini heç kim ağlına gətirmirdi. Lakin Emiliya-Romanya bölgəsini basan sel qran-prinin keçirilməsinə əngəl oldu.

İndi isə daha bir bəla ortaya çıxıb. Məlum olduğu kimi, növbəti mərhələ Kanadada keçirilməlidir. Gələn həftənin sonuna planlaşdırılan yarışa meşə yanğınları mane ola bilər. Son günlər Kvebek vilayətində yanğınlar tüğyan edir. Monreal küçələri dumana bürünüb, havanın rəngi sarımtıl olub. Yaxın saatlarda yağış gözlənilir. Bu, müəyyən qədər problemin aradan qalxmasına yardım edə bilər. Lakin yağmurun qısamüddətli olması proqnozlaşdırılır. Ondan sonra yenidən hava əlverişsiz olacaq.

Səhiyyə üzrə yerli mütəxəssislərin fikrincə, sağlam adamlar üçün bunun heç bir problemi yoxdur. Lakin göz, boğaz və burun qıcıqlanması halları baş verə bilər. Ürək-damar xəstəliklərindən və astmadan əziyyət çəkənlər isə küçəyə çıxmamalıdırlar.

Təşkilatçılar hər şeyin aradan qalxacağına ümid edirlər. Onların fikrincə, gələn həftənin sonuna qədər vəziyyət normallaşmalıdır.

Shares: