2019-cu ilin yayında “Qarabağ”a böyük ümidlərlə transfer edilən futbolçulardan biri də Xayme Romero idi. İspaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətindəkı çıxışı ilə səviyyəsini ortaya qoya bilsə də, zədələr burada çox qalmasına imkan vermədi.

33 yaşlı hücumameyilli oyunçu özü də futbolinfo.az saytına açıqlamasında bunu təsdiqləyib. O, “Qarabağ”dan ayrılma səbəbini məhz tez-tez zədə almasında görüb: “Qarabağ”da hər şey ürəyimcə başlamışdı, ardıcıl oyunlarda çıxış etməklə əla forma yığmışdım. Zədələndikdən sonra karyeramda eniş yaşandı və heç cür əvvəlki formamı bərpa edə bilmədim. Əks təqdirdə, “Qarabağ”da daha çox qalardım”.

Romero Ağdam təmsilçisinin növbəti dəfə Azərbaycan çempionu olmasına təəccüblənmədiyini bildirib: “Qarabağ” neçə ildir Premyer Liqaya hegemonluq edir. Onlar Avropada uğurlu çıxış edən komandadır. Daxili çempionatda hamıdan güclü olmaları da normaldır”.

Qeyd edək ki, Xayme Romero 2019-2022-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Shares: