Fransada təşkil edilən “Roland Garros” turnirində bütün yarımfinalçılar müəyyənləşib. Əvvəlcə korta qadınlar çıxıb.

Daha yüksək reytinqə malik olan tunisli Ons Jaber braziliyalı Beatris Haddad Mayya ilə bacarmayıb – 3:6, 7:6, 6:1. Torpaq kortlarda daha zəif olan Jaber oyundan sonra mətbuata açıqlamasında əsas məqsədinin “Uimbldon”da çempionluq olduğunu bildirib. Braziliyalı isə yarımfinala çıxdığına inanmadığını dilə gətirib. Qeyd edək ki, bu onun karyerasında ilk yarımfinaldır.

Mayyanın rəqibi Şvyonteklə Qauff arasındakı oyunda bəlli olub. Buna qədər tennisçilərin 6 qarşılaşmasının hamısında polyak qalib gəlmişdi. Seriya yenə də davam edib. İqa ABŞ-li tennisçi üzərində qələbə qazanıb – 6:4, 6:2. Beləliklə də, Şvyontek ardıcıl 5-ci “Böyük dəbilqə” turnirinin yarımfinalına yüksəlib. Qeyd edək ki, bu mərhələyə qədər o, cəmi 15 geymdə məğlub olub. Bu da yarışlar üçün nadir göstəricilərdəndir.

Kişilərin mübarizəsində hər iki oyun 4 set davam edib. Aleksandr Zverev zədədən qurtulduqdan sonra ən yaxşı turnirini keçirir. Almaniya təmsilçisi ¼ finalda Tomas Martin Etçeverrini məğlubiyyətə uğradıb – 6:4,3:6, 6:3, 6:4. Bununla da o, ardıcıl olaraq üçüncü dəfə “Roland Garros”da yarımfinalda oynamaq hüququ qazanıb.

Daha maraqla gözlənilən digər ¼ final oyununda isə Kasper Ruud qalib gəlib. O, danimarkalı gənc tennisçi Holger Runeni keçən il olduğu kimi, bu dəfə də məğlubiyyətə uğradıb – 6:1, 6:2, 3:6, 6:3. İlk iki set bir göz qırpımında başa çatıb. Rune həddindən artıq çoxlu sayda elementar səhvlər edib. Norveçli isə bundan məharətlə faydalanıb. Keçən il finalda Nadala məğlub olan Kasperin yarımfinalda rəqibi Aleksandr Zverev olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp