Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində idarə, müəssisə və təşkilatlar arasında voleybol üzrə rayon turnirinə start verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himnimiz səslənib. Tədbirdə çıxış edən Yevlax rayon gənclər idman idarəsinin rəisi Rəşad Bəhmənli Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində idman və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən və bu ənənənn ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Sonra xatirə turniri start götürüb. İlk oyun günündə iki qarşılaşma baş tutub.Rəqiblərini məğlub edən FHN və “Hərbi polis” komandaları adlarını ¼ final mərhələsinə yazdırmağı bacarıblar.
Qeyd edək ki, bir həftə davam edəcək yarışların sonunda ilk üç yeri tutan komandalara medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
BƏHRUZ MUSAYEV, YEVLAX