“Qəbələ”nin yarımmüdafiəçisi Andrey Strijak Azərbaycanı birdəfəlik tərk edib. Bunu ukraynalı futbolçu özü ölkəsinin mətbuatına açıqlamasında deyib.
24 yaşlı orta sahə oyunçusu hətta yeni komandasını da müəyyənləşdirib. O, danışıq aparmaq üçün Polşaya yollandığını bildirib.
Strijak yeni klubunun adını sirr saxlayıb: “Qəbələ”dən heç bir təklif olmadı. Nə məşqçi, nə də rəhbərlik bir söz dedi. Bəli, heç kim nəsə demədi, yaxınlaşıb mənimlə söhbət etmədi. Danışıqlar üçün Polşaya gəlmişəm. Hansı klubla müqavilə bağlayacağam? Hələ deyə bilmərəm”.
Qeyd edək ki, “Qəbələ”yə ötən ilin yayında keçən Andrey Strijakın “qırmızı-qaralar”la müqaviləsi başa çatıb. Onun heyət üzü görməməsi ümidləri doğrultmadığına işarə idi.