Ermənistanlı şahmatçı Levon Aronyan Bakıda keçiriləcək Dünya Kubokuna gəlməyəcək. Futbolinfo.az xəbər verir ki, bunu qrossmeyster özü sosial şəbəkə vasitəsilə paylaşımında yazıb.
Aronyan bu tip yarışları sevdiyini bildirsə də, Dünya Kuboku üçün Azərbaycana gəlməyəcəyini vurğulayıb: “Dilemma qarşısındayam. Yarışa qatılmaq istərdim, amma bir eməni olaraq Bakıda özümü təhlükəsiz hiss etməyəcəm”.
Aydın məsələdir ki, bu, növbəti antitəbliğat gedişidir, ABŞ-da yaşayan şahmatçının erməni lobbisinin məqsədlərinə qulluq edən açıqlamasıdır. Erməni idmançılar dəfələrlə Azərbaycanda olub və heç bir zaman hər hansı problem yaşanmayıb. Onlar hətta ölkəmizdə medal qazanıblar və heç bir ayrıseçkilik görməyiblər, əksinə, layiq olmadıqları hörmətlə üzləşiblər.
Təhlükəsizlik problemi yalnız Ermənistanda ola bilər. Necə ki, apreldə İrəvanda təşkil olunan Avropa Çempionatında bunun şahidi olduq. Bayrağımızın yandırılması ilə yadda qalan yarışda mənfur qonşularımız bərbad təşkilatçılıqla yadda qaldı, idmançılarımızın təhlükəsizliyini təmin edə bilmədilər.
İndi fərqli açıqlama verən Aronyan isə 2015-də Bakıda təşkil olunan Dünya Kuboku haqda danışanda hər şeyin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdi. O, Azərbaycanda erməni şahmatçılarla çox yaxşı davranıldığını və məmnuniyyətlə Bakıya yenidən qayıdacağını demişdi. Görünür, 44 günlük savaşdan sonra Levon qalib Azərbaycanda özünü pis hiss edəcəyini bilir və bəhanə axtarır.
Aronyandan əvvəl rusiyalı şahmatçı Sergey Karyakin Dünya Kubokuna qatılmaqdan imtina etmişdi. O, yarışda neytral statusda çıxış etmək istəmədiyi üçün bu addımı atıb.
Qeyd edək ki, Dünya Kuboku iyulun 29-dan avqustun 25-dək təşkil olunacaq.