AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik komandasının növbəti oyunları ilə bağlı düşüncələrini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis qrup çərçivəsində Belçika və İsveçə qarşı keçiriləcək matçlarda iddialı olacaqlarını bildirib. O, xüsusən də Belçika ilə görüşdən necə xal almağın mümkün olduğunu açıqlayıb: “Komanda olaraq mümkün olan ən yüksək performans səviyyəsinə çatmaqla Belçika və İsveçi məğlub etmək mümkündür. İtaliyaya, eləcə də Azərbaycana qarşı bunun necə işlədiyini göstərdik. Estoniyanı da çətin şəraitdə, 7 aparıcı oyunçu olmadan üstələdik. Kevin De Bruyne kimi oyunçunun özünə gəlməyinə imkan verməmək üçün Belçikaya qarşı yüksək performansa ehtiyacımız var. Bunu bacarsaq, ən azı bir xal ala bilərik”.

Qeyd edək ki, iyunun 17-də Brüsseldə Belçikanın qonağı olacaq Avstriya yığması bundan üç gün sonra Vyanada İsveçi qəbul edəcək. Avstriyalılar qrupun ilk turunda evdə Azərbaycan yığmasını 4:1 hesabı ilə məğlub ediblər.

Shares: