Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Fransa prezidenti Emmanuel Makron arasında Yelisey sarayında görüş keçirilib. Gələn il keçiriləcək Olimpiya oyunlarına həsr edilən görüşdə bir sıra məsələlər müzakirə edilib.
Futbolinfo.az xəbər verir ki, tərəflər Parisin Olimpiadaya hazırlığından danışıblar. Bununla birlikdə Rusiya və Belarus idmançılarının oyunlara buraxılması da müzakirə edilib.
Görüş zamanı Bax G7 sammitində idmanın siyasətdən kənar olması fikrini səsləndirdiyinə görə Makrona təşəkkür edib. Bununla da o, Rusiya v Belarus idmançılarının buraxılmasına razı olduğunu etiraf edib.
Tərəflər iki ölkənin idmançılarının icazəsi məsələsinə gecikmədən baxılmasının vacibliyini bildirib. Bundan başqa bu sahədə əməkdaşlıq və məsləhətləşmələrin davam etdiriləcəyi də qeyd edilib.
Xatırladaq ki, Olimpiya oyunları gələn il iyulun 26-dan avqustun 11-nə kimi Parisdə baş tutacaq. Rusiya və Belarus idmançılarının iştirakı ilə bağlı qərar bu il avqustun sonuna qədər veriləcək.