Bu gün UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər.
Atatürk Olimpiya Stadionundakı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.
İstanbulun ikinci dəfə ev sahibliyi etdiyi ÇL finalında yenə ingilis – italyan dueli baş tutub. 2004/2005 mövsümündə bu arenada “Milan” və “Liverpul” arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxmışdılar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda 3 qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olmuşdu. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram etmişddilər.
Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmamışdı. “İnter” isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılmışdı.
O da maraqlıdır ki, bu komandalar ÇL-də ilk dəfə üz-üzə gəlirdilər və siftə belə bir final matçına təsadüf edib.
Bu finalda sevinən tərəf Mançester təmsilçisi olub. Nəticədə bu komanda həm ilk dəfə ÇL-i qazanıb, həm də treblə imza atıb. Mançesterlilər bu mövsüm İngiltərə Premyer Liqasının və kubokunun da qalibi olmuşdular.
UEFA Çempionlar Liqası
Final
10 iyun
Mançester Siti – İnter 1:0
Qol: Rodri, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya Stadionu.
Mançester Siti: 31. Ederson, 3. Ruben Dias, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Haland, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Bruyne, 20. Bernardo Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola.
İnter: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Dzeko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzaqi.