Tennisdə mövsümün ikinci böyük yarışı başa çatdı. Bu dəfə də qələbə qazanan Novak Cokoviç oldu. Avstraliyada onun çempion olması adi bir hal olsa da, “Roland Garros”da serbin qələbəsi bir qədər ehtimallardan uzaq görünməlidir. Bu çempionluqla o, tennis tarixinin ən güclüsü adını ələ keçirdi.
“Roland Garros” serb üçün karyerasında 23-cü “Böyük dəbilqə” oldu. Bununla da o, Rafael Nadalı keçməyi bacardı. Avstraliyada çempion olarkən finala qədər mümkün ən zəif rəqiblərlə düşən Nole, Fransada da bəxt sarıdan əziyyət çəkmədiyini bir daha sübuta yetirdi.
Bütün bu nailiyyətlərə baxmayaraq, Novak Cokoviç tennis azarkeşləri tərəfindən nə Federer, nə də Nadal qədər sevilmir. Bunun nədən qaynaqlandığını araşdırmağa çalışaq.
Güclüləri çoxları sevmir. Həqiqətən də bu belədir. Amma bugünə qədər Novak ən güclü sayılmırdı. O, Federer və Nadalın nailiyyətlərinə çatmazdan əvvəl də sevilmirdi. Deməli, sevilməməsi güclü olmağına görə deyil. Cokoviçdən fərqli olaraq Federer və Nadal “Böyük dəbilqə” seriyalı turnirləri hamıdan çox qazandıqları vaxtda çox sevilirdilər.
Cokoviçin milliyyətcə serb olması da səbəb olmamalıdır. Serblər Avropanın digər millətləri tərəfindən elə də çox sevilmirlər. Amma tennisdə idmançının milliyyətinə o qədər də çox fikir vermirlər. Həm də tennis təkcə Avropa deyil, bütün dünyada məşhurdur.
Cokoviç siyasi fikirlər yürüdür, siyasətçilərin müəyyən qərarlarına qarşı gedir. Bu xasiyyəti əslində onun sadə camaat tərəfindən sevilməsinə şərait yaradır. Deməli, bu da səbəb deyil.
Bəs əsl səbəb nədir? Əsl səbəb centlemenlikdədir. Tennis centlmen oyunu sayılır. Uzun illər Federer və Nadal, onlardan da əvvəl əksər tennisçilər məhz bu xüsusiyyətləri ilə seçiliblər. Tennisdə rəqibə hörmət vacibdir. Ən vacibi isə rəqibə qarşı qazanılan qələbədə dürüstlükdür. Burada hiyləgərliklə qalib olanlar sevilmirlər. Uzun karyerası zamanı Novakdan bunu görmək olmayıb.
Adi bir misal gətirək. Nadalın zədələnməsindən sonra bu il “Roland Garros”da çempionluğa əsas namizəd Novakla birlikdə Karlos Alkaras idi. Püşkə görə onlar yarımfinalda üzləşməliydilər. İspan tennisçinin yarımfinala qədər rəqibləri çətin, Novakda isə həddindən çox asan idi. Lakin istənilən halda hər şey yarımfinalda müəyyənləşməliydi. Cokoviçin ilk setdə qalib olmasının əsas səbəbi gənc Alkarasın həyəcanlı olması və öz oyununun heç yarısını göstərə bilməməsi idi. İkinci setdə özünə gələn Karlitos hesabı bərabərləşdirdi. Bundan sonra onun artıq daha rahat oynayaraq qalib gələcəyi gözlənilirdi. Çünki bundan əvvəlki mərhələlərdə tennisçilərin göstərdikləri oyun arasında hiss ediləcək dərəcədə fərq var idi. Bunu bütün tennis ekspertləri də qeyd edirdilər.
Lakin Novak yenə də ənənəvi hiyləgərliyinə əl atdı. Özünə gəlib sürət yığan Alkarası bir qədər soyutmaq üçün tibbi fasilə götürdü və oyunda fasilə yarandı. Halbuki Novakın heç bir zədəsi yox idi. 3-cü setin ilk oyununu qazandıqdan sonra Alkaras zədələndi. Əzələsi dartıldı. Topun arxasınca qaça bilmirdi. Bu şəkildə Novak öz servisini qazanaraq hesabı bərabərləşdirdi. Tennisin qaydalarına görə kortda tərəfləri dəyişərkən həkim müdaxiləsi olar. Alkarasa həkim baxışından sonra hakim qaydalara uyğun olaraq Alkarasın servisində xalı rəqibə verdi. Bu da breyk demək idi. Beləliklə, Novak ikinci setdə breyklə önə keçdi. Alkaras zədə alarkan ona yaxınlaşıb nə baş verdiyi ilə də maraqlandı, yəqin ki, ona necə yardım edə biləcəyini də söylədi. Amma bu sözlərin səmimi olmadığı bir neçə dəqiqə sonra məlum oldu. Qaydalara uyğun olaraq hakimin bu qərarından sonra növbəti geymdə öz servisində qəsdən ardıcıl səhvlər edərək hesabın bərabərləşməsini təmin edə bilərdi. Futbolda komandalar hər zaman bundan istifadə edirlər və alqışlar da qazanırlar. Güclü olduğunu meydanda nümayiş etdirmək üçün kifayət qədər vaxt olacaq. Novak belə etsəydi, illərlə hər kəsin danışacağı addımı atmış ola bilərdi. Amma o bunu etmədi. Bu qədər təcrübəyə malik bir idmançı belə zədənin nə olduğunu dərhal anlayır. Onsuz da qələbə Novakın olacaqdı. Məhz həmin anlardakı hərəkətləri ilə Cokoviç buvaxta qədər nəyə görə sevilmədiyini bizim üçün aydınlaşdırdı.
Bu gün Novak dünyanın ən titullu tennisçidir. Çətin ki, Nadal onu “Böyük dəbilqə”lərin sayına görə keçə bilsin. Əvvəla, Rafael ondan bir yaş böyükdür və artıq gənclərlə mübarizə aparmaq asan deyil. Həmçinin Nadal zədəsinə görə əməliyyat edilib və onun bir də Avstraliyada “Böyük dəbilqə” qazanma şansı olacaq. Gənclərin isə bunu etməsi üçün bir neçə ilə ehtiyacı var.
SİYAVUŞ ƏLİYEV