Şarl Lekler həyatında ilk dəfə Le-Man yarışına baş çəkib və “Ferrari”nin tarixi qələbəsinə şahidlik edib. Maranelloda hazırlanan maşın “Toyota”nın uzun illik dominantlığına son qoyub. Məhz bu münasibətlə də Formula 1 sürücüsü komandanı təbrik edib.
“Böyük bir fasilədən sonra burada qələbə qazanmaq böyük hadisədir. İkinci ekipajın bir qədər bəxti gətirmədi. Bildiyimə görə, maşının radiatoruna balaca bir daş girdi və onu çıxartmaq kifayət qədər vaxt apardı.
İlk dəfə idi ki, Le-Manda idim. Təəssüratlarım böyükdür. Nəvaxtsa bu yarışda iştirak edəcəyəmi istisna etmirəm. Belə bir maraqlı hadisənin bir parçası olmaq mənim üçün qürur olar. Bir daha komandamızı təbrik edirəm. Bu, fantastik bir nəticədir”, – deyə monakolu sürücü bildirib.
Xatırladaq ki, sonuncu dəfə “Ferrari” burada 1965-ci ildə qalib olmuşdu. Bu il həmçinin, “Le-Manın 24 saat” yarışının 100 illik yubileyidir.