Futbolçunun inkişaf etməsi üçün vacib şərtlərdən biri onun legioner həyatı yaşamasıdır. Doğrudur, seçimin yanlış və doğruluğu da onun inkişafına müsbət və ya mənfi təsir göstərə bilər.
Məsələn, Ramil Şeydayevin potensialını nəzərə alsaq, onun Tailand çempionatında oynayacağını yüksəliş adlandırmaq olmaz. Hətta potensialına görə Tailand çempionatı Azərbaycan Premyer Liqasından üstün olsa belə, yenə də buranın Avropaya daha yaxın olduğunu nəzərə almalıyıq. Hər halda, “Qarabağ”da qalmaq Tailandda oynamaqdan daha böyük uğurdur. Deməli, coğrafi məkan klubun imkanlı və ya çempionatın rəqabətədavamlı olmasından daha vacib məsələdir.
Amma elə də ola bilər ki, legioner həyatı yaşayacağın klub Azərbaycanda oynadığın komandadan güclü olmasa da, həmin ölkənin futbol ənənələri sənin inkişafını şərtləndirsin. Götürək, ötən mövsüm icarə əsasında “Şamaxı”da oynayan “Zirə”nin müdafiəçisi Cəlal Hüseynovu. Bəlkə də onun üz tutduğu Bolqarıstanın “Arda” klubu gücünə görə “Zirə”dən üstün deyil. Bəlkə futbolumuzun əsas siması olan “Qarabağ” Bolqarıstan çempionatında iştirak etsə, hər il “Ludoqorets”lə başabaş mübarizə aparıb çempion da ola bilər. Son illər Bolqarıstan çempionatının səviyyəsinin aşağı düşməsi heç kimə sirr deyil. İstər yığma, istərsə də klub səviyyəsində çox geriləyiblər. Dimitar Berbatovdan sonra demək olar ki, ulduz yetişdirmirlər. Hələ biz 1960-cı illərdə Asparuxovlu, 1990-cı illərdə Stoiçkovlu millidən danışmırıq. Amma necə deyərlər, “Dövlət bəyin ölüsü də gözəldir”. Hər nə qədər “Qarabağ” son illər Bolqarıstan klublarından daha uğurlu çıxış etsə də, Şərqi Avropa ölkəsi ənənələrinə görə həmişə seçilib və bundan sonra da seçiləcək. Ona görə də bizdən hansısa futbolçu ənənəsi olan Avropa ölkəsinə üz tutsa, yalnız qazanacaq. Bu da ölkədən ardARDA axınlara imkan yarada bilər.
Hüseynovun Bolqarıstanın “Arda” klubuna üz tutmasını məhz bu nöqteyi-nəzərdən uğurlu adlandırmaq olar. Təbii ki, digərləri üçün çətin ki, bu nümunə olsun, çünki buna qədər də belə köçmələr olub, amma heç kim bundan ibrət götürməyib. Yaxın keçmişdə Araz Abdullayevlə Turan Manafovun Kipr və Yunanıstan klublarına keçidi onların heç birinə fayda vermədi. Məsələn, Amit Quluzadə bir müddət aşağı səviyyəli Avropa ölkələrinin çempionatlarına turne təşkil etdi, amma bu ona heç nə qazandırmadı. Ancaq bu sözləri Cəlal aid edə bilmərik. Doğrudur, 20 yaşında artıq millimizin üzvünə çevrilən və bu müddət ərzində yığmanın heyətində 4 oyun keçirən Cəlalın “Zirə”nin əsas heyətində yer ala bilməyib Premyer Liqanın ən zəif komandası olan “Şamaxı”ya üz tutması bir qədər qəribə görünə bilər. Amma bu, heç də oyunçunun potensialına kölgə sala bilməz. Əsas göstərici futbolçunun milli komandaya dəvətidir ki, Hüseynov bu sınaqdan üzüağ ayrılmağı bacardı.
Yuxarıda söylədiklərimizin məntiqi izahı kimi, əsl Azərbaycan futbolçusunun ikinci sınağı legioner həyatı olmalıdır. Təbii ki, “Qarabağ”, “Neftçi” və ya “Sabah” kimi klublarda oynamaqla irəliyə doğru addım atmaq olardı. Amma futbol susuzluğunu doydurmaq üçün qürbətə yollanmaq aparıcı yerli klubda oynamaqdan daha üstündür.
Vaxtilə millimizin üzvü Emin Quliyev də Bolqarıstanda çıxış etməyə imkan tapıb. Daha doğrusu, Emin 2000/01 mövsümündə “Liteks” klubuna keçib və burada 3 oyuna çıxıb. Doğrudur, o həmin müddətdə “Çerno More” klubuna da yollanıb, orada oyuna çıxmayıb. Amma Emin elə ərəfədə Bolqarıstana üz tutdu ki, burada normal oynaya bilməsə də, loveçlilərlə ölkə kubokunu qazandı. Hətta Quliyev bu komandanı tərk etdiyi ildə “Liteks” Kuboklar Kubokunda səfərdə “Union Berlin”i 2:0 hesabıyla üstələməklə rəqib meydanında Almaniya komandasını məğlub edən ilk Bolqarıstan klubu kimi tarixə düşdü.
Eminin oynadığı həmin komanda o dövrdə çox güclü klub idi. Amma bu sözləri Cəlalın üz tutduğu “Arda”a aid etmək olmaz. Yaxşısı budur, Bolqarıstanın rəngli metallurgiya və yüngül sənaye şəhəri olan Kırcalinin (türk dilində Qırcaəli) “Arda” komandası ilə yaxından tanış olaq.
“Arda” təxminən bir əsr əvvəl – 1924-cü il avqustun 10-da yaradılıb. Maraqlıdır ki, klubun həmin vaxt ilk adı “Rodopski Sokol” olmuşdu. Ancaq bir müddət sonra Arda çayının şərəfinə adlandırıldı. 1945-ci ildən “Minyor” kimi tanınan klub 1957-ci ildə yenidən indiki adına qovuşmuşdu. “Arda” 1956-cı ildə Bolqarıstanın İkinci Liqasında ikinci pilləni tutmuşdu. Bu, uzun illər “göylər”in ən yaxşı nəticəsi sayılmışdı. Klub XX əsrdə ölkə kubokunda ən böyük uğuruna 1960-cı ildə imza atmışdı: komanda 1/4 final mərhələsinə qədər irəliləmişdi. Həmçinin “Arda” 1988-ci ildə İkinci Liqanı üçüncü yerdə bitirmişdi.
2013-cü ildə İkinci Liqadan düşən “Arda” 2015-ci ilə qədər heç bir divizionda çıxış etmədi. Nəhayət, həmin vaxt “göylər” Region Liqasına qayıtdı. 2016-cı ildə isə komanda pley-offda “Lyubimets” üzərində inamlı qələbədən (3:0) sonra artıq Üçüncü Liqaya yüksəldi.
Müasir “Arda” üçün dönüş 2017-ci ilin yayında yaşandı. “Ludoqorets”in uğurlarından ilhamlanan “PSI Group” yol tikintisi şirkəti klubun səhmlərinə sahib çıxdı. İki həftə sonra komandanın baş məşqçisi postuna “Levski”dən Elin Topuzakov təyin olundu, idman direktoru vəzifəsinə isə Emil Kremenliyev gətirildi. “Arda”nın İdarə Heyətinin sədri seçilən Petar Peşev növbəti mövsüm ərzində kluba 1 milyon avro yatırım etdi. Bu da “Arda”nın Üçüncü Liqanın Cənub-Qərb zonasının, həmçinin, həvəskar futbol liqasının qalibi olması və İkinci Liqaya yüksəlməsi ilə nəticələndi.
Ancaq İkinci Liqada ilk 5 turda qələbənin qazanılmaması Topuzakovun istefasına səbəb oldu. Onu Stoyço Stoyev əvəzləsə də, bu postda qalması çox çəkmədi. 2019-cu ilin martında çempion “Ludoqorets”dən təklif alan çalışdırıcı, təbii ki, “yox” deyə bilməzdi. Stamen Belçevin başçılığı altında sabitlik tapan “Arda” elitaya çıxmaq uğrunda pley-offda oynamaq şansı qazandı. Orada isə “Septemvri”yə qalib gələn “göylər” tarixində ilk dəfə Birinci Liqaya vəsiqə əldə etdilər.
“Arda” 2021-ci ildə ölkə kubokunun finalına çıxsa da, gərgin keçən oyunda daha təcrübəli Sofiya ÇSKA-sına uduzdu (0:1). Bundan bir neçə gün sonra isə Varnanın “Çerno More”si ilə mübarizədə Konfrans Liqasına vəsiqə qazanıldı. Amma “göylər”in avrokuboklardakı debütü uğursuz alındı: komanda daha güclü olan İsrail “Hapoel”inə (Beer Şeva) evdə 0:2, səfərdə isə 0:4 hesabları ilə məğlub oldu.
Yola saldığımız mövsümü 16 komandalı çempionatda 8-ci yerdə bitirən “Arda”nın heyətinə gəlincə, bu komandada Cəlaldan başqa daha iki legioner top qovacaq. Onlardan biri Cəlal kimi müdafiə xəttində oynayan kot d`ivuarlı Umar Sako, digəri isə malili yarımmüdafiəçi Abubabakar Tunqaradır. Amma Hüseynovun burada iki türk komanda yoldaşı da olacaq. Bolqarıstanda xeyli yerli türk yaşadığından onları futbol klublarında da görmək olar. “Arda” da bunlardan biri qapıçı Mesut Yusuf, digəri müdafiəçi Cüneyt Alidir. Təbii ki, onlar Bolqarıstan vətəndaşı sayılır.
Komandanın baş məşqçisi isə vaxtilə İngiltərənin “Lester” klubunda oynayan, Bolqarıstan millisinin sabiq müdafiəçisi Aleksandr Tunçevdir. 2016-cı ildə məşqçilik karyerasına başlayan 41 yaşlı Tunçev 2020-ci ilə qədər Plovdiv “Lokomotiv”ində köməkçi, 2022-ci ilə qədər baş məşqçi kimi çalışıb. O, məhz ötən mövsüm “Arda”nın “sükanı arxasına” keçib.
Cəlalın potensialına bələd olduğumuzdan belə bir ortabab komandada ona yer tapılacağına ümid edə bilərik. Qərəzlə üzləşməsə, öz potensialını açmalıdır. Tunçev pis məşqçi deyil. Zəngin təcrübəsilə Cəlala kömək edə bilər…
CAVAD
P.S.: “Arda”da bizə tanış olan bir futbolçu da oynayıb. Ötən günlərdə “Səbail”dən ayrılan Emil Martinov 2019-cu ildə – “dənizçilər”dən ilk dəfə ayrılarkən məhz bu kluba keçmiş, orada iki mövsüm top qovmuşdu.