Xorvatiya mətbuatı millimizin hücumçusu Mahir Emrelinin Türkiyə Superliqasında özünü göstərə bilmədiyini yazır. “Sportske” nəşri Zaqreb “Dinamo”sunun “Konyaspor”a icarəyə verdiyi forvardın müqavilə ilə məxsus olduğu klubda özünə gəlməli olduğunu qeyd edir.
26 yaşlı hücumçunun milli komandaların oyunlarından sonra Zaqreb təmsilçisinin düşərgəsinə qoşulacağı bildirilib: “Mahir “Konyaspor”un planlarına uyğun gəlmədi, orada cəmi iki qol vurdu və çox oynamadı. Onun Türkiyədəki problemləri unutmaq və özünü baş məşqçi İqor Bişçana göstərmək üçün şansı var”.
Qeyd edək ki, Azərbaycan yığmasının üzvünün Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.