Formula 1 üzrə Kanada qran-prisindən əvvəl Lüis Həmiltonun mətbuat konfransında xoşagəlməz hadisə baş verib. Yeddi dəfə dünya çempionu olan pilota zoomüdafiəçilər müraciət ediblər. Onlar ingilis pilotdan nüfuzundan istifadə edərək bu mövzunu qabartmağı xahiş ediblər.
Nyu-Yorkda təşkil edilən “Forbes İconoclast Summit” forumunda “Heyvanlarla etik davranış” təşkilatının nümayəndələri Lüis Həmilton və Toto Volfun çıxışına müdaxilə ediblər. Onlar öz fikirlərini açdıqları plakatlarla çatdırmağa çalışıblar. Məqsəd isə Alyaskada hər il keçirilən yarışların qarşısının alınmasıdır.
Alyaskada xizəklərə qoşulmuş itlərlə yarış ənənəsi var. Təşkilatın hesablamalarına görə, bugünə qədər 150-dən artıq it həmin tədbirlərdə tələf olub. Çıxış edənlərin fikrincə, Həmiltonun səsi bu problemin həll edilməsində önəmli rol oynaya bilər.
Xatırladaq ki, ingiltərəli pilot itlərə və ümumiyyətlə heyvanlara sevgisi ilə seçilir.