AFFA İcraiyyə Komitəsinin (İK) iyunun 16-da keçiriləcək iclasının Gündəliyinə Premyer Liqada komanda sayı, son pilləni tutan, I Divizionda qalib olan komandaların taleyi ilə bağlı məsələlərin salınmaması kimsəni təəccübləndirməsin. Bu o deməkdir ki, sözügedən mövzular bağlıdır və müzakirəsinə ehtiyac yoxdur.

Son illər hər mövsümün sonunda İK-nın Gündəliyində müfaviq bənd mütləq olurdu. Çünki Əsasnamə pozulurdu, Premyer Liqanı tərk edən olmadığından, bunun xüsusi qərarla rəsmiləşdirilməsinə ehtiyac duyulurdu. İndi isə nəyisə dəyişməyə gərək yoxdur, yarışın Əsasnaməsinə uyğun olaraq, “Şamaxı” Premyer Liqanı tərk edəcək və “Araz-Naxçıvan” elitaya gələcək. I Divizion klublarının siyahısı açıqanarkən hamı suallarına cavab tapacaq.

Premyer Liqada iştirakçı sayı da müzakirə edilməyəcək. Deməli, AFFA 10 komandalı üç liqa təşkil etməkdə israrlıdır. Cümə günü I Divizion iştirakçılarının siyahısı açıqlanacaq, yeni təsis olunacaq II Divizionda iştirak edəcək komandaların siyahısı isə müzakirə olunacaq.

Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər yəqin ki, daha çox Divizionda iştirak edəcək komandalara görə nəzərdə tutulub. Sirr deyil ki, I Divizionda klub sayının 10-a çatdırılması bəzi problemlərə də yol açacaq. İnfrastrukturla bağlı güzəştlər edilməsə, yarışı təşkil etmək çətin olacaq. Elə II Divizionda da oxşar vəziyyətdir. Region Liqasında çıxış etmiş komandaların həvəskarlardan peşəkar statusa keçidi üçün zaman lazımdır.

“Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi” bəndi çox maraqlıdır. Bugünədək “CBC Sport” klublara heç bir vəsait ödəmirdi və klublar bundan narazılığını bildirirdi. Güman ki, AFFA bunun üçün bir mexanizm düşünüb.

Premyer Liqada əvəzetmə sayının yenidən müzakirə olunması maraqlıdır. Lakin zənnimizcə, indi buna ehtiyac yoxdur. Bütün dünya beş əvəzetmə qaydasını qəbul edib və belə davam etmək problem olmamalıdır. Legioner rüsumunun artırılması mümkündür, lakin daha çox sifariş edilən əcnəbi sayında sərtləşdirməyə ehtiyac var. “Sumqayıt”, “Zirə” və əcnəbi transfer etmək həvəsində olan digər klublar ötən mövsüm 14 legioner limitni doldurdu, nəticələri isə göz önündədir – mövsüm bitən kimi əksəriyyətini yola saldılar. Rüsum artırılsa, limit azaldılsa, klublar daha keyfiyyətli seleksiya işinə məcbur olar.

“Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat” bəndi o deməkdir ki, Xose Alesio da Silva postundan uzaqlaşdırılacaq. Söhbət namizədin müzakirəsindən getsəydi, braziliyalının postunda qalması mümkün idi. Lakin təyinatdan danışılırsa, deməli, Vitali Borisov və ya başqa bir yerli mütəxəssisi milli komandamızda görəcəyik.

Gündəlikdə nəzərdə tutulan “Digər məsələlər”ə gəlincə, Futzal Federasiyasının tələbi ilə futzal çempionatına ayrılan vəsaitin artırılması mümkündür. Təbii ki, İK üzvü olan federasiya prezidenti Zaur Axundovun istədiyi bir milyon manatlıq büdcə mümkünsüzdür. Lakin çempionata marağı artırmaq, klubların sayını artırmaq üçün müəyyən artım ola bilər.

Eyni zamanda I Divizionda legioner və gənc oyunçularla bağlı limitin ləğvi də gözlənilir. Artıq əvəzedici komandalar bu yarışda yoxdur, deməli, digər klubları onlarla bərabər səviyyəyə salmağın anlamı qalmayıb. Divizion komandalarına daha çox sərbəstlik vermək vaxtıdır.

CAVAD

Shares: