Torpaq kortlarda turnirlər başa çatdıqdan sonra tennisçilər ot örtüklərinə keçiblər. “Uimbldon” yarışından əvvəl Avropanın bir sıra yerlərində müxtəlif turnirlər təşkil edilir. Onlardan da biri “Queen`s Club”dır. Bu yarış gələn həftə başlayacaq.

Futbolinfo.az xəbər verir ki, turnirdə iştirak edəcəyini Karlos Alkaras da təsdiq edib. Keçən həftə “Roland Garros”da yarımfinalda zədələnən ispan tennisçi artıq məşqlərini bərpa edib. Novak Cokoviçə zədə səbəbilə məğlub olduqdan sonra dünya reytinqində ilk sıranı əldən verən Karlitosun zədəsi ciddi olmayıb. Xoşbəxtlikdən o, bir neçə fizioterapiya seansı ilə yenidən kortlara qayıdıb.

Qeyd edək ki, “Uimbldon”da uğurla çıxış edəcəyi təqdirdə Karlos yenidən dünya reytinqinə başçılıq edəcək. Belə ki, onunla Novak Cokoviç arasında fərq böyük deyil.

Shares: