Estoniya yığmasının qapıçısı Karl Yakob Heyn AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az saytı xəbər verir ki, 21 yaşlı qolkiper həm Azərbaycan, həm də Belçika ilə görüşdə iddialı olacaqlarını bildirib.
İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan Heyn Bakıya 3 xal dalınca gələcəklərini əlavə edib:
“Milli komandaların oyunları həmişə böyük önəm daşıyır. Öz ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Əvvəlki oyunlarda olduğu kimi, yenə çətin olacaq, lakin komanda olaraq hazırıq. Biz Azərbaycana qələbə üçün gedirik. Onlara qalib gəlməliyik. Eyni zamanda Belçikadan da xal və ya xallar almaq istəyirik. Plan belədir”.
Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da keçiriləcək. Bundan üç gün sonra estonlar Belçikanı qəbul edəcəklər.