Azərbaycan millisinin kapitanı Emin Mahmudov karyerasını harada davam etdirəcəyinə hələ qərar verməyib. Ancaq 31 yaşlı yarımmüdafiəçinin seçim imkanı artıq konkretləşib.

Futbolinfo.az xəbər verir ki, Mahmudov yalnız “Neftçi” ilə yeni müqavilə imzalayarsa, Azərbaycanda qalacaq. Çünki onun “Qarabağ”a keçidi baş tutmayacaq. Buna səbəb futbolçunun maliyyə ilə bağlı tələbləridir. Eminin istədiyi məvacib ağdamlılara çox görünüb. Bu səbəbdən Azərbaycan çempionu bu ayın sonunda azad agent statusu alacaq oyunçu ilə müqavilə bağlamaqdan imtina edib.

İndi “Neftçi”nin kapitanı iki variant arasında qalıb – ya “Neftçi” ilə yeni sözləşmə imzalayacaq, ya da legioner həyatı yaşayacaq. “Ağ-qaralar” aparıcı oyunçusuna olduqca yüksək maaş təklif edib. Bu, onu “Neftçi”nin ən yüksək ödənişli futbolçusuna çevirəcək. Əslində, Mahmudov özü də qalmaq arzusundadı. Lakin komandada olan qeyri-müəyyənlik ucbatından qərar verməyə tələsmir.

“Neftçi”nin əsas rəqibi isə Cənubi Koreya klubu “Jeonbuk Hyundai Motors”dur. Asiya təmsilçisi Mahmudova illik təxminən 750 min avroluq müqavilə təklif edib.

Qeyd edək ki, Emin Mahmudov 2022-23 mövsümündə Premyer Liqada keçirdiyi 36 oyunda 17 qola imza atıb.

Shares: