“Neftçi düşərgəsində qəribə hadisələr baş verir. Konfrans Liqasına hazırlaşan bakılılar məşqçi böhranı, daha doğrusu, bolluğu yaşayır.

Futbolinfo.az xəbər verir ki, klubun sponsorları rəhbərliyin xəbəri olmadan komandaya yeni baş məşqçi gətirir. Təbii ki, mətbuatda yazılanlardan sonra artıq onların da xəbəri var. Lakin kimsə özündə açıqlama vermək, olanları şərh etmək cəsarəti tapmır. Çempionatda uğursuz olan, kubokda finalda uduzan “Neftçi”nin rəhbərliyinin SOCAR-dan əmr verənlərə etiraz etmək, onlardan xəbərsiz niyə iş tutduqlarını soruşmaq üçün gücləri qalmayıb.

Vəziyyət elə gətirib ki, rəhbərlik mövsüm başa çatandan bəri hansısa addım atmaq üçün sponsorlardan fikir öyrənə bilməyib. Elə bu üzdən nə heyətdən uzaqlaşdırılanlarla bağlı qərar var, nə də yeni gələnlərin keçidi rəsmləşir. İstefası gündəmdə olan Laurentsiu Regekampfa verilməli olan təzminat məsələsinə görə isə bugünədək addım atılmayıb. Müşahidə Şirası klubdaxili iclası yubadıb, klub rəhbərliyinə hansısa addım atmaları üçün şərait yaratmayıb.

Və indi bəlli olur ki, rəhbərliyə etimadı tükənən SOCAR rəsmiləri özləri xəlvətcə iş görürmüş. Bundan sonra necə olacağı maraq doğurur. Sponsorların rəhbərlikdə də islahat aparacağı, yoxsa onlara özlərinin seçdiyi məşqçi ilə işləməyi, onun tələblərni yerinə yetirməyi tapşıracağı bilinmir.

Dəqiq olan SOCAR rəsmilərinin Sərgən Yalçını müqavlə imzalamaq üçün Bakıya gətirməsidir. Bu gün – həm də xüsusi təyyarə ilə – türkiyəli mütəxəssis ölkəmizə təşrif buyuracaq. Danışıqlar tamamlanıb, son detallar dəqiqləşdikdən sonra tərəflər iki illik müqavilə bağlamalıdır.

Deyilənlərə inansaq, Sərgənin illik qazancı təqribən bir milyon dollar olacaq, üstəlik onun özüylə gətirəcəyi böyük texniki heyət də məşqçinin tələbinə uyğun olaraq yüksək maaş alacaq. Və onlara çatacaq vəsait klub büdcəsindən deyil, SOCAR xətti ilə ödəniləcək. Üstəlik, “Neftçi”nin büdcəsi yeni transferlər üçün kifayət qədər artacaq, Sərgənə istədiyi oyunçuları almaq üçün şərait yaradılacaq.

regekampf - Futbolinfo.az

Məsələnin maraqlı tərəfi ondadır ki, bu gün həm də Regekampf istirahətini başa vuraraq Bakıya dönür. Ötən müddətdə rəhbərlikdən heç bir təlimat almayan rumın çalışdırıcı startı iki gün sonraya nəzərdə tutulan təlim-məşq toplanışına başlamaq üçün məşqçilər heyəti ilə birlikdə bu gün Bakıda olacaq. Ona postunda qalacağı və ya təzminat qarşılığında istefaya göndəriləcəyi barədə heç nə deyilməyib.

Doğrusu, Sərgənin istefaya göndərilməyən məşqçinin olduğu yerə gəlməsi etik cəhətdən doğru deyil. Ola bilsin, türkiyəli mütəxəssis hələ tam razılıq verməyib, komandayla, şəraitlə yerində tanış olmaq istəyir. Amma onu da unutmayaq ki, “Neftçi” iki gündən sonra hazırlığa başlamalı, bir həftə sonra Rusiyada turnirə qatılmalıdır. Hələlik məşqçi məsələsində xaotik durum var, üstəlik, transferlər edilməyib, heyət komplektləşməyib.

Əvvəlki yazılarda Sərgənin təyinatının riskli addım olduğunu vurğulamışıq. Türkiyəli məşqçinin klubu maddi cəhətdən necə çətin salacağı, hansı transferləri edəcəyini zaman göstərəcək. Ümid edək, “Neftçi” vaxtilə “Xəzər Lənkəran”ın, “Bakı”nın edəcəyi səhvləri təkrarlamayacaq. Baş məşqçi təyinatı ilə problem həll olunmur, klub idarəçiliyində də dəqiq addımlar atılmalı, subardinaysiya prinsipləri gözlənilməli, klubda qərar verənlər bu qədər gözdən salınmamalıdır.

İstənilən halda, bir gündə komandanın iki əcnəbi baş məşqçisi Azərbaycana gəlirsə, deməli, işlər yolunda getmir və ya məşqçi dəyişikliyi islahatların sadəcə, ilk pərdəsidir.

FƏRİD

Shares: