“Neftçi”dəki qarışıq durum komandanın transferlərini də ləngidir. Klub rəhbərliyi heyətə cəlb olunacaq futbolçuların bəzilərinin razılığını çoxdan alıb, sadəcə, baş məşqçi ilə bağlı qərar qətiləşmədiyindən heyətin komplektləşdirilməsi üçün atılacaq addımlar yubanır.
Futbolinfo.az xəbər verir ki, müqaləsi başa çatan Vato Arveladze, Voislav Stankoviç, Sezar Meza Kolli və Aqil Məmmədovun gedişi dəqiqləşib. Lakin bugünədək onlarla bağlı qərar rəsmən açıqlanmayıb. Sözügedən oyunçularla müqavilənin uzadılmayacağı əvəzlərinə yeni futbolçular gətirilmədiyi üçün açıqlanmır.
“Neftçi”nin heyətə qatmaq üçün razılaşdığı futbolçulardan isə dördü bəllidir. Ancaq onların transferinin rəsmiləşməsi üçün də ilk öncə baş məşqçi məsələsi dəqiqləşməlidir.
Razılığı alınan oyunçulardan Filip Ozobiç “Qarabağ”dan, Emil Balayev “Səbail”dən azad agent kimi ayrılıb. Digər iki oyunçu isə Fransadan gələcək. Klub prezidenti Kamran Quliyevin “Böyük beşlik” ölkələrindən transfer edəcəkləri barədə vədi boşuna deyilmiş. Lakin sözügedən oyunçular Liqa 1 təmsilçilərindən yox, aşağı dəstənin autsayder klublarındandır.
“Neftçi” hazırda Fransanın “Pau” klubunda çıxış edən, Fil Dişi Sahilindən olan sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşma əldə edib. Vaxtilə Kiprdə də oynamış 28 yaşlı futbolçu 2020-ci ildən indiki klubundadır. Koffi komandanın heyətində meydana çıxdığı son 30 oyunda hətta əvəzlənməyib. Daha bir illik müqaviləsi qalan oyunçu üçün nə qədər transfer haqqı ödəniləcəyi bilinmir.
Bakılıların baş meneceri Zaur Əzizov ötən həftə Fransaya səfəri zamanı həm də Miha Blaziçlə razılığa gəlib. 30 yaşlı slovenyalı vaxtilə “Koper”, “Domjale” və “Ferntsvaroş”da çıxış edib. Ötən yay azad agent kimi “Anje”yə qoşulan mərkəz müdafiəçisinin mövcud müqaviləsi iki ildən sonra başa çatacaq. Amma “Neftçi” onunla bağlı problemi də yoluna qoyub.
İndi bu 4 futbolçu “Neftçi”də baş məşqçi məsələsinə aydınlıq gəlməsini gözləyir. Paytaxt klubu yola Laurentsiu Regekampfla davam etsə, onların hamısı “ağ-qara” forma geyəcək. Sərgən Yalçının təyinatı rəsmiləşəcəyi halda isə vəziyyət dəyişə bilər.