Peşəkar Futbol Liqası (PFL) yeni mövsümlə bağlı planlar cızır. AFFA İcraiyyə Komitəsinin son qərarlarından sonra indi əsas məsuliyyət bu qurumun üzərindədir.
PFL çempionatın təşkilinə cavabdeh olduğundan bütün problemləri həll etməyə çalışır. Yeni mövsüm başlayana kimi həllini tapması lazım gələn bir çox məsələlər var.
PFL-in I və II Divizionların adını növbəti mövsümdən Liqa etməyə hazırlaşdığını yazmışdıq. Bu məsələnin rəsmiləşmək ehtimalı yüksək olsa da, hələ müzakirələr yekunlaşmayıb. Bütün liqalara sponsor axtaran qurum qərarını bir çox məsələ dəqiqləşəndən sonra verəcək.
Məlum olduğu kimi “Misli” ilə birillik müqavilənin də vaxtı bitib və Premyer Liqanın kimin adını daşıyacağı bəlli deyil. Əməkdaşlığın müddətinin uzadılması mümkündür, lakin bununla bağlı qəti qərar yoxdur.
Məsələyə aydınlıq gətirmək üçün PFL prezidenti Elxan Səmədovla əlaqə saxladıq. O isə konkret danışıb qısa açıqlama ilə kifayətləndi: “Misli” ilə müqavilənin müddəti bitib. Yeni anlaşma hələ əldə olunmayıb. Bu yöndə danışıqlar davam edir. Tək Premyer Liqa yox, digər liqaların da titul sponsorluğu ilə bağlı müzakirələr gedir”.
PFL-in klublarla da bağlı problemləri var. Aşağı liqalarda mübarizə aparacaq bir çox yeni klubun infrastrukturla bağlı çətinlikləri həll olunmalıdır. Onlara vaxt verilib və problemlərin həlli istiqamətində işin icrasına nəzarət olunur.