Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşkatmada birinci mərhələnin 15 cütü müəyyənləşəcək.
Futbolinfo.az xəbər verir ki, yarışa bu mərhələdən qatılacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi də bəlli olacaq. Ağdamlılar “səpələnmişlər” səbətində yer alır. Çempionumuzun potensial rəqibləri “səpələnməmişlər” səbətinə daxil olan komandalardan biri olacaq:
“Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tiflis, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), eləcə də 4 komandanın – (“Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino) və “Atletik”in (Andorra) iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi.
Bu səbətdə Ermənistan çempionu da yer alıb. Amma UEFA-nın qərarına əsasən, Azərbaycan və Ermənistan komandaları bir-birinə rəqib ola bilməzlər.
Xatırladaq ki, iyunun 21-də ÇL-də ikinci mərhələnin püşkatması keçiriləcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.
ÇL-dən sonra Konfrans Liqasında birinci təsnifat mərhələsinin də püşkatma mərasimi keçiriləcək. Saat 17:00-da başlanacaq tədbir bizim üçün böyük əhəmiyyət daşımır. Çünki Azərbaycanın 3 klubu – “Qəbələ”, “Sabah” və “Neftçi” mübarizəyə 2-ci mərhələdən başlayacaqlarından bugünkü püşkatmada yer almayacaqlar.