Belçika qran-prisinin rəhbərliyi ilə Formula 1-in icraçı direktoru Stefano Domenikali arasında görüş baş tutub. Tərəflər Londonda üz-üzə gəliblər. Qran-prinin promouteri Vanessa Maes Formula 1 rəhbərliyi arasında görüş haqqında mediaya məlumat verib.

“Görüş produktiv keçdi. Stefano danışıqlara hazır olduğunu dilə gətirdi. Lakin bu, müqavilənin artırılması anlamına gəlmir. Hələlik nəsə söyləmək tezdir. Ancaq ümid edirəm ki, istiqamət düzgündür və biz ortaq məxrəcə gələ biləcəyik.

2025-ci ildən sonra nə olacağını bilmirik. Hazırda “Liberty Media” Spa-Frankoşarmla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Halbuki 2 il əvvəl bunu söyləmək mümkün deyildi. Vəziyyətin belə həddə gəlməsi üçün böyük işlər görmüşük. Ölkəmiz Formula 1 təqvimində qalmağa layiqdir. Belə ki, bu trass yarışların tarixinin bir hissəsidir”, – deyə Maes qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl yayılan xəbərlərdə Belçika qran-prisi Formula 1 təqvimində yer almayacağı söylənilirdi.

Shares: