“Artıq böyümüşəm və evdən getmək vaxtıdır”. Futbolinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ”dən ayrılan Rövlan Muradova məxsusdur.

25 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu komandadan ayrılması ilə bağlı sosial şəbəkədə status paylaşıb. Muradov bu səviyyəyə çatdığı üçün “qırmızı-qaralar”a təşəkkür edib: “Bu gün 10 ildir evim kimi hiss etdiyim “Qəbələ”dən ayrılıram. 10 il ərzində futbol biliklərimi artırdıqca, həm də gözəl kollektivlə birgə özümü hər zaman “Qəbələ” ailəsinin bir üzvü kimi hiss etdim. Bu müddət ərzində bir çox uğurlara birgə imza atdıq. Futbol kariyeramın gözəl və mənalı günlərini burada keçirdim. U-15 komandasından başlayaraq bütün məşqçilər heyətinə təşəkkür edirəm. Peşəkar futbolçu kimi yetişməyimdə “Qəbələ” klubunun danılmaz əməyi var”.

O, karyerasını yeni mərhələyə daşımaq üçün bu addımı atdığını bildirib: “Artıq böyümüşəm və evdən getmək vaxtıdır. Kariyeramı növbəti pilləyə daşımaq, daha da inkşaf etmək və yeni uğurlarımla sizi sevindirmək üçün sevimli komandamı tərk edirəm. Bu yolda mənə dəstək olan rəhbərliyə – Fariz Nəcəfova, Nail Kərimova, mənə hər zaman güvənən baş məşqçimiz Elmar Baxşıyevə, əziyyətimi çəkən digər İdarə Heyəti üzvlərinə, komanda yoldaşlarıma, azarkeşlərimizə dərin minnətdarlığımı bildirirəm. Hər biriniz yoluma işıq oldunuz! Yaxşı ki, yolum “Qəbələ”dən keçdi. Görüşənədək!”

Qeyd edək ki, Rövlan Muradov ötən mövsüm Premyer Liqada keçirdiyi 33 oyunda 2 qola imza atıb. Onun hansı kluba keçəcəyi tezliklə bəlli olacaq.

Shares: