“Neftçi”nin baş məşqçi postuna əyləşmək üçün Bakıya gələn Sərgən Yalçın danışıqları yekunlaşdırıb. Klubun əsas sponsoru olan SOCAR rəhbərliyi ilə müzakirələr müsbət sonluqla bitib. Türkiyəli mütəxəssisin tələbləri dinlənilib, yekunda “1+1” il şərti ilə müqavilə razılaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu gün bakılıların baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırması gözlənilir. Daha sonra Sərgənlə rəsmi müqavilə imzalanmalıdır. Anlaşmanın maliyyə tərəfləri gizli saxlanılır, lakin bizdə olan bilgiyə görə, məşqçi illik bir milyon dollar qazanacaq.
“Neftçi”nin yubanmaq şansı yoxdur. Tezliklə təlim-məşq toplanışı başlayacaq və komanda Rusiyada turnirə qatılacaq. Ardınca Konfrans Liqasında mübarizəyə start veriləcəyindən ciddi hazırlaşmaq lazımdır. Baş məşqçi müəyyənləşən kimi transferlər sıralanmalı, heyətin komplektləşdirilməsi prosesi yekunlaşmalıdır.
“Neftçi”də bugünə gözlənilən qərarlar yalnız məşqçilərlə bağlı olmaya da bilər. Sponsorların klub rəhbərliyini proseslərdən kənar saxlaması idarəçilkdə də müəyyən dəyişikliklər olacağına işarədir.