Rafael Benites yenidən məşqçilyə qayıdır. Son illərdə 20 -dən artıq təklifi geri çevirən, maraqlı layihə gözlədiyini bildirən ispan çalışdırıcı sükuta son qoyur.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasından gözlədiyi dəvəti almayan Benites “Selta”da çalışmağa qərar verib. Son anda La Liqada qalmağı bacaran viqolular Karlos Karvalyalı iyunun 9-da istefaya göndərib. Boş qalan posta Benites əyləşəcək.
63 yaşlı ispan mütəxəssis “Everton”dan ayrılandan bəri – ilyarımdır işləmir. Vətənində “Valyadolid, “Osasuna”, “Extremadura”, “Tenerife” və qısa müddət “Real”da işləyən Benitesin əsas uğurları “Valensiya”da olub. 2001-04-cü illərdə “yarasalar”a uğurla rəhbərlik edən çalışdırıcı bunun sayəsində “Liverpul”a yollanıb və 2010-dək 6 il İngiltərə nəhəngi ilə titullar qazanıb. “İnter”, “Çelsi”, “Napoli” və “Nyukasl”da da işləyən Benites indi “Selta”da macəra axtaracaq.