Luis Suares karyerasını başa vurur. Uruqvaylı hücumçu hazırda çıxış etdiyi Braziliya “Qremio”sunun rəhbərliyinə istəyini çatdırıb.
Futbolinfo.az xəbər verir ki, Suaresin qərarının səbəbi dizindəki zədədir (Esportes GZN). Xroniki hal alan zədəyə görə istədiyi kimi oynaya bilməyən Luis parlaq karyerasını yekunlaşdırmağa qərar verib. 36 yaşlı forvard “Qremio” ilə gələn yay başa çatacaq müqaviləsini qarşılıqlı razılıqla pozacaq.
Uruqvay “Nasional”ının yetirməsi “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və Madrid “Atletiko”sunda uğurlu karyera yaşayıb. 2014-cü ildə 82 milyon avro qarşılığında “Liverpul”dan “Barselona”ya keçən hücumçu ən yaxşı 6 ilini məhz İspaniya nəhəngində yaşayıb.