Bu gün Avropanın ən maraqlı turnirlərindən birinə – 21 yaşa qədər futbolçuların qitə çempionatına start verilir. 21 yaşa qədər deyilsə də, iştirakçılar arasında 23 yaşlı futbolçuları görmək olacaq. Bunun da səbəbi seçmə mərhələnin 2 il əvvəl start götürməsidir. Yəni, qaydalara görə çempionatda 2000-ci il yanvarın 1-dən sonra anadan olanlar çıxış etmək hüququna malikdirlər. Məhz bunun da nəticəsində turnirdə bir neçə superistedad görmək olar.

Ən bahalı heyət

Adətən daha bahalı heyətə malik komanda əsas favorit hesab edilir. Transfermarkt portalına inanmalı olsaq, Fransa millisinin heyəti 416 milyon avro dəyərindədir. Əgər onlar əsas millilər arasında çıxış etsəydilər, ilk 10 komanda sırasına düşə bilərdilər. Əsas ulduzlar isə bunlardır: Enso Le Fe (Loryan), Bredli Barkola və Rayan Şerki (Olimpik Lion), Maykl Olise (Kristal Pelas), Kuadio Kone (Borussiya Dortmund)…

Heyətdə yer alan futbolçuların bir neçəsi arıq əsas millidə də oynayıb. Onlar Avropanın güclü klublarının hədəfindədirlər.

Son çempion

Almaniya millisi turnirə titulunu qorumaq üçün yollanır. İki il əvvəl almanlar finalda İspaniyanı məğlub edərək 3-cü dəfə çempion olmuşdular. Bu turnirdə onlar rekord edə bilərlər. Ardıcıl 4-cü dəfə finala çıxmaq hələ heç bir komandaya müyəssər olmayıb.

ae912b2b 232d 4021 a078 d29eb07c3cc9 - Futbolinfo.az

Fransızlarla müqayisədə heyətin dəyəri o qədər də böyük deyil. Lakin Almaniya millisində də ulduzlar var. Onlardan biri Dortmund “Borussiya”sından Yusuf Mukokodur. Kevin Şadeyə görə isə “Bornmut” “Frayburq”a 25 milyon avro ödəməklə tarixinin transfer rekordunu qırıb. Daha bir maraqlı sima “Orxus”dan “İnter”ə 7 milyon avroya keçəcəyi gözlənilən 196 sm boya malik Yan Aurel Bissekdir.

Ənənəvi favorit

İspaniya millisi son illər aşağı yaş qruplarında iştirak etdikləri bütün turnirlərdə favoritdir. 2019-cu ildə ispanlar Luis de la Fuentenin başçılığı ilə Avropa çempionatında qalib olmuşdular. İndi həmin mütəxəssis əsas millinin baş məşqçisidir. Hazırda onu Santi Deniya əvəz edir. Bu baş məşqçi U-17 və U-19-la 2017 və 2019-cu illərdə Avropa çempionu olub. Burada çempion olacağı təqdirdə mütəxəssis misli görünməmiş trebl etmiş olacaq.

Millinin balanslaşdırılmış heyəti var. Uqo Gilyamon (Valensiya), Xuan Miranda (Betis) , Abel Ruis (Braqa) , Qabriel Veyqa (Selta), Aleks Baena (Vilyarreal), Aymar Oros (Osasuna) və Arnau Martines (Jirona) öz komandalarında əsas heyət oyunçularıdır.

Ardıcıl 9-cu çempionata uğur dalınca

İngiltərə millisi sonuncu dəfə 1980-ci ildə çempionatın qalibi olub. Lakin ardıcıl 9-cu dəfə final mərhələsinə yüksəlmələri sabitlikdən və gənclərlə işin düzgün aparılmasından xəbər verir.

b566de7e 8563 459e a115 77addb2f9bb3 - Futbolinfo.az

Heyətdə Premyer Liqa təcrübəsinə malik kifayət qədər futbolçu var. Noni Madueke və Levi Kolvill (Çelsi), Ceykob Remsi (Aston Villa), Emil Smit-Rou (Arsenal), Xarvi Eliot (Liverpul) kimi isimlərin olduğu komanda turnirdə heç kimdən çəkinməməlidir.

Sürpriz edə biləcək milli

İsrail millisi son illərdə aşağı yaş qruplarında xarüqələr yaradır. 19 yaşlılar arasında Avropa çempionu olduqdan sonra onlar U-20 dünya çempionatında bürünc medal qazandılar. Bu səbəbdən də onlara yuxarıdan aşağı baxıla bilməz.

Bir neçə gün əvvəl başa çatmış dünya çempionatında iştirak etdikdən sonra 5 futbolçu bu turnirə gəlir. Onların hamısı dünya çempionatında iştirak edən heyətin liderləridir: Stav Lemkin (Hapoel Tel-Əviv), Anan Halaili (Makkabi Hayfa), Dor Turgeman (Makkabi Tel-Əviv), Tomer Sarfati (Makkabi Netaniya), Roy Revivo (Hapoel Yerüsəlim). Dünya çempionatına klubunun icazə vermədiyinə görə yollanmayan Oskar Qluxun da onlara qoşulması komandanı bir qədər də gücləndirəcək.

Turniri buraxan ulduzlar

Gürcüstan millisinin heyətində Xviça Kvarasxeliya və Jorj Mikautadzenin iştirakı da gözlənilirdi. Lakin doğma arenalarda onların çıxışının qarşısını mövsüm ərzindəki yorğunluq aldı. Hər ikisinin klublarında gərgin mövsüm keçirdiyini nəzərə alsaq, imtinanı başa düşmək olar. Onların yoxluğunda əsas ulduz “Valensiya”lı qapıçı Georgiy Mamardaşvilidir.

96295773 15a8 451c a91c 599ea7afea8a - Futbolinfo.az

Zədə səbəbilə Fransa millisi və “Qalatasaray”ın müdafiəçisi Saşa Boe də turniri buraxmalı olacaq. İstanbul klubunda bu mövsüm parlayan sağ cinah müdafiəçisinin zədəsi həm skautları, həm də futbolçunun agentini müəyyən mənada məyus edib. Bu turnirdə uğurlu çıxışı ilə Boe qiymətini xeyli artıra bilərdi.

Zədəyə görə gələ bilməyən digər bir isim Belçika çempionatının gənclər arasında ən yaxşı yerli futbolçusu seçilən Artur Vermerendir. Eyni səbəbə görə turnirdə Almaniyadan Ansqar Knauff və Portuqaliya millisinin kapitanı Fabio Vieyranı (Arsenal) görə bilməyəcəyik.

İsrail millisinin üzvü Liel Abadunu klubu “Seltik” buraxmayıb. Futbolçunu yaxşı qiymətə satmaq istəyən Qlazqo təmsilçisi onun zədələnməsindən qorxur. PSV-də çıxış edən Joan Bakayoko isə Belçikanın əsas millisinə dəvət aldığına görə turniri buraxmaq məcburiyyətindədir.

İtaliyadan olan Moyze Kin çempionatda çıxış etmək istəmədiyinə görə kənarda qalıb. Jeremi Frimponq isə Ronald Kumanın onu əsas milliyə çağırmadığına görə gənclərin heyətinə də qatılmaqdan imtina edib.

Turnirin reqlamenti

Rumıniya və Gürcüstanın ev sahibliyi edəcək turnirdə komandalar 4 qrupa bölünüb. Hər qrupdan iki komanda ¼ finala yüksələcək. A qrupu ən güclü sayılır. Orada Gürcüstan, Belçika, Niderland və Portuqaliya milliləri qərarlaşıb.

956cf58d addd 4397 a4d2 3dee87f89e7e - Futbolinfo.az

Qeyd edək ki, turnirdə hakimlər arasında həmyerlimiz Əliyar Ağayev də yer alır. O bu gün baş tutacaq açılış oyununun (Belçika – Niderland) baş hakimidir.

AĞA

Shares: