“Neftçi”nin baş məşqçisi postuna təyinatı gözlənilən Sərgən Yalçın müqavilə bağlamamış transfer çalışmalarına başlayıb. Türkiyəli mütəxəssis Bakı klubuna yalnız köməkçilərini gətirməklə kifayətlənmək istəmir.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar”la müqavilənin son detallarını müzakirə edən 50 yaşlı çalışdırıcı bir futbolçunu da Azərbaycana gətirməkdə maraqlıdır. O, Türkiyə millisinin sabiq müdafiəçisi Caner Erkinin transferində israrlıdır.

Yalçının bununla bağlı “Neftçi” rəhbərliyini məlumatlandırıb və oyunçunun özünün də fikrini öyrənib. Ötən mövsümün sonunda “Başakşehir”dən ayrıldığı üçün hazırda azad agent statusu daşıyan 34 yaşlı sol cinah oyunçusu Azərbaycan Premyer Liqasında çıxış etməyin əleyhinə deyil. Lakin onun tələb etdiyi məbləğ “ağ-qaralar” üçün olduqca yüksək hesab olunur.

Premyer Liqanın bürünc mükafatçısı Canerlə danışıqları sürətləndirmək üçün Sərgən Yalçının təyinatının rəsmiləşməsini gözləyirlər. Klub bundan sonra tanınmış türkiyəli futbolçu ilə ortaq məxrəcə gəlməyə çalışacaq.

Qeyd edək ki, Caner Erkin karyerası ərzində ölkəsində “Fənərbağça”, “Beşiktaş” kimi klubların formasını geyinib, Rusiyada ÇSKA, İtaliyada “İnter”in heyətində legioner həyatı yaşayıb. O, 2006-2021-ci illər ərzində Türkiyə yığmasında 63 matça çıxıb, 2 qola imza atıb.

Shares: