Belçika millisinin hücumçusu Romelu Lukaku Avropa yığmalarının heyətində ən məhsuldar 4-cü futbolçu ünvanını ələ keçirib.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı forvard AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə oyunda bunu bacarıb.

Komandasının 3:0 hesablı qələbəsinə dublla töhfə verən Lukaku 108-ci görüşündə qol sayını 75-ə çatdırıb. O, hazırda macarıstanlı Şandor Koçsişlə 4-cü yeri bölüşdürür. Koçsişə bu saya çatmaq üçün 68 matç kifayət edib.

Avropa yığmalarının heyətində ən məhsuldar futbolçu Kristiano Ronaldodur. 38 yaşlı ulduz futbolçu Portuqaliya yığmasının heyətində 200 qarşılaşmada 122 dəfə fərqlənib. Ferens Puşkaş (Macarıstan və İspaniya – 89 oyunda 84 qol) ikinci, Robert Levandovski (Polşa – 141 oyunda 78 qol) üçüncü pillədə qərarlaşıb.

Lukaku 2010-cu ildən Belçika yığmasının formasını geyinir.

Shares: