Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında İngiltərə – Almaniya matçını idarə edib.

Futbolinfo.az xəbər verir ki, C qrupunun 3-cü turu çərçivəsində, “Batumi Arena”da keçirilən görüş İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 4-cü dəqiqədə Kris Arçer açıb. İngiltərənin 2-ci qolunu isə 21-ci dəqiqədə Harvi Elliot vurub.

Bu oyunda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Akif Əmirəli kömək ediblər. Ağayev matçda 1 sarı vərəqə göstərib. O, 74-cü dəqiqədə Eşli Koliyə (İngiltərə) xəbərdarlıq edib.

Qeyd edək ki, C qrupunda İngiltərə 9 xalla liderdir, Almaniya isə 1 xalla sonuncu – 4-cüdür.

Əliyar Ağayev Gürcüstan və Rumıniyada təşkil olunan Avropa çempionatında daha əvvəl A qrupunda açılış matçını – Belçika – Niderland (0:0) oyununu idarə edib, C qrupunun 2-ci turunda isə Çexiya – Almaniya matçının (2:1) 4-cü hakimi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp