Macarıstanın “Ferensvaroş” klubunun müdafiəçisi Norbert Kajan “Qarabağ”la keçirilən yoxlama görüşü barədə təəssüratlarını bölüşüb.

Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, 19 yaşlı sağ cinah oyunçusu 3:3 hesabı ilə başa çatan görüşü əvvəlki yoxlama matçlarından fərqləndirib.

O, Azərbaycan çempionunun güclü heyətə malik olduğunu söyləyib: “Təlim-məşq toplanışının əvvəlki mərhələsində iki oyunumuz var idi. Həmin vaxt “Sepsi” başqa səviyyə idi. “Qarabağ” isə əla bacarığa malik futbolçularla zəngin beynəlxalq səviyyəni təmsil edən klubdur. Bu cür rəqiblərə qarşı çıxış etmək üçün lazımi formanı yığmaq lazımdır. Təbii ki, əvvəlki rəqiblərlə müqayisədə fərq böyük idi”.

Macarıstanın U-19 yığmasının üzvü “Qarabağ” kimi rəqiblərin onların inkişafına təkan verəcəyini düşünür: “Qarabağ”la oyun gənclər üçün öyrənmə prosesinin bir hissəsidir. Həm də öz oyununu inkişaf etdirə bilirsən. Toplanışın ilk mərhələsindən etibarən temp artmaqda davam edirdi. Şəxsən mən “Qarabağ”la qarşılaşma zamanı qərar qəbul etməkdə ən böyük çətinliyi hiss etdim. Burada əsl qətiyyət lazımdır. Təkbərək mübarizələr zamanı beynində şübhə varsa, rəqibi aldada bilməzsən. Təbii ki, taktiki hazırlıq həmişə birinci yerdə olmalıdır. Matçın əvvəlində gərgin idim. Çünki “Qarabağ”ın səviyyəli rəqib olduğunu bilirdim. Məncə, daha yaxşı oyunçular olacaq”.

Qeyd edək ki, “Ferensvaroş”la görüşdə “Qarabağ”ın heyətində Nəriman Axundzadə dubl edib, digər qola Leandro Andrade imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp