Dünən gecə Neşvildə MHL-in draftı keçirilib. Komandalar özləri üçün gənc ulduzları seçib.

Gözlənildiyi kimi, “Çikaqo” komandası ilk seçim hüququndan istifadə edərək Konnor Bedardla heyətini gücləndirib. İsveçli hokkeyçi Leo Karlsonun isə “Anahaym”a yollanması bir qədər sürpriz olub. Belə ki, 2-ci sırada da kanadalı hokkeyçinin seçiləcəyi gözlənilirdi. Lakin Adam Fantilli 3 nömrə ilə “Kolambus”a yollanıb. ABŞ-li Vill Smitin yeni komandası “San-Xose” olub. 5 nömrəli seçim hüququna malik “Monreal” komandası David Raynbaxerə üstünlük verib. Avstriyanı təmsil edən idmançı ölkə tarixinin ən yüksək yerlə seçilən hokkeyçisi olub.

6-cı yerin sahibini də sürpriz adlandırmaq olar. Belə ki, ruslar ən yüksək yerdə Matvey Miçkovun seçiləcəyini gözlədikləri halda Dmitriy Simaşova “Arizona” klubunun başbilənləri tərəfindən müqavilə təklif edilib. Maraqlıdır ki, rusiyalı müdafiəçinin ümumiyyətlə, birinci raundda hər hansı komanda tərəfindən götürüləcəyi gözlənilmirdi. Miçkovu isə 7-ci sırada “Filadelfiya” seçib.

Draftın digər maraqlı məqamlarından biri daha yüksək reytinqə malik slovak hokkeyçi Dalibor Dvorskinin 10-cu seçilməsidir. O, “Sent-Lyuis”də çıxış edəcək. 11 nömrə ilə seçilən isveçli Tom Vilanderin komandası isə “Vankuver” olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp