“Krasnodar”ın hücumçusu Maqomed-Şapi Süleymanov “Sabah”a keçə bilər. Futbolinfo.az “Legalbet”ə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı ötən mövsüm İsrail klubu “Hapoel”də (Beer-Şeva) icarə əsasında çıxış edən vingeri komandadan ayrılan Aleksey Kaşuka layiqli əvəzləyici hesab edir.

Konfrans Liqasında iştirak etməklə tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” Süleymanovu icarəyə götürməyi planlaşdırır. Ancaq bakılılar müqaviləyə qış fasiləsində 24 yaşlı oyunçunun birdəfəlik transfer edilməsi bəndinin də salınmasını istəyir.

Baş məşqçi Murad Musayevin “Krasnodar”dan yaxşı tanıdığı Maqomed-Şapi Süleymanova rəhbərlik “Hapoel”də aldığı məvacibi – illik təxminən 250-300 min dolları ödəməyə hazırdır.

Bu transferin reallaşma ehtimalı yüksək qiymətləndirilir. Çünki Rusiyanın gənclər millisinin sabiq üzvü “Krasnodar”a qayıtmaq fikrində deyil. Onun klubu ilə hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Maqomed-Şapi Süleymanov “Hapoel”in heyətində keçən mövsüm 35 oyun keçirib, 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: