İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşəcək.

Ramik Heybətov (65 kq) moldovalı Konstantin Kirilovu (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Andranik Avetisyanla bacarmayıb – 4:10.

Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryanla (13:7) polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türkiyəli İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub – 8:8. Əhmədov bürünc medal uğrunda İvan Stoyanov (Bolqarıstan) – Muhamed Bektemirov (Avstriya) görüşünün qalibini sınağa çəkəcək.

Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidislə (9:1) polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq 1/4 finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub – 2:6. Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Zəfər Əliyev (97 kq) ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, 1/4 finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabıyla məğlub olub. Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayevlə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp