Nəticə önəmli deyil. Zatən Sankt-Peterburqda “Zenit”lə reallaşan oyunda “Neftçi”dən qələbə gözlənilmirdi. İlk hissədə hakimlərin özlərinin də tam əmin olmadan təyin etdiyi penalti qolu ilə önə keçən bakılıların sürpriz etməsi mümkün idi.

Lakin yekunda qanunauyğun nəticə qeydə alındı – “Neftçi” layiq olduğu məğlubiyyətlə (1:3) üzləşdi. Rusiyada, hamının SSRİ çempionatlarının nostaljisinə qərq olduğu matçda güclü olan qalib gəldi. Daha doğrusu, digərindən daha bərbad oynayan komanda uduzdu.

“Zenit” aparıcı oyunçuların yoxluğunda meydana buraxdığı heyətə qismən “əl gəzdirən kimi” səviyyə fərqi üzə çıxdı. Oyundan çıxan futbolçunun daha sonra yenidən meydana qayıtması, əvəzetmənin limitsiz olduğu, bu üzdən yüksək səviyyəsindən danışa bilməyəcəyimiz turnirdə “Neftçi”nin problemləri göz deşdi. “Zenit”in sınıq-salxaq heyətinə qarşı belə oynayan komandanın Konfrans Liqasında hansı vəziyyətdə olacağın təsəvvür belə etmək istəmirik.

Hələ də baş məşqçisini tapmayan “Neftçi” çox yubanır. Transferlərdə də ciddi ləngimə var və avrokuboklarda ilk görüşə hətta bir ay qalmadığını nəzərə alsaq, Konfrans Liqasında gözləntiləri yüksək tuta bilmərik. Bürünc medalçımızda həllini tapmalı olan çox problem var. Reallaşmış iki legioner yerli oyunçu limitini düzəltməyə xidmət edə bilər, lakin nə Emin Mahmudovun taleyi bəllidir, nə də yeni baş məşqçi. Və hər iki amil komandanın gələcəyi baxımından həllini tapması gərəkən vacib məqamlardır.

Eminsiz “Neftçi”nin necə olacağı çox maraqlıdır. Baş məşqçi seçimi isə daha əhəmiyyətlidir. Rəhbərlik necə məşqçi istəyir, yeni transferlərdə istiqamət necə olacaq, büdcə hansı səviyyəyə qaldırılacaq –  bu sualların cavabı yeni “Neftçi”nin simasını müəyyənləşdirəcək. Dünənki “Neftçi” isə arzulanan “Neftçi” deyil. “Zenit”in zəif, motivasiyasız heyəti qarşısında heç nə ilə yadda qalmayan bakılılar üçün sadalanacaq bəhanələr özünüaldatmaqdır.

Fasilədən sonra ilk oyun, toplanışın yeni başlaması, komandanın tam hazır olmaması – bütün bunlar rəqib üçün də keçərli olan həqiqətdir. Lakin yeni məşqçinin gəlişi, onun komandaya uyğunlaşması, öz üslubunu futbolçulara aşılaması, yeni transferlər…

“Neftçi” zamanla yarışmağa məcburdur. Komanda toparlanana kimi avroubok da başlayacaq, Premyer Liqa da. Növbəti uğursuzluqlar sıralananda isə bu gün edilən səhvlər bəhanəyə çevriləcək. “Neftçi”ni kimin və necə idarə etdiyi müəmmadır, dəqiq olan həmin şəxslərin komanda quruculuğu barədə aydın təsəvvürə malik olmaması və futbolun ruhunu bilməmələridir. Futbol komandası ilə zavod, fabrik kimi davranılmamalıdır, qərarlar zamanında verilməlidir.

“Neftçi” yubanır. Qarşıdakı həftə ziyanın yarısından qayıdılması üçün son müddətdir. Ondan sonra atılacaq addımlar növbəti uğursuz mövsümü sığortalamağa kifayət etməyəcək. “Qazprom Arena”dakı nəticə qiymət vermək üçün əsas deyil, lakin ümumi gedişat yaxşı sonluq vəd etmir.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp