AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundov klub rəhbəri olmadı. “Şamaxı”ya çevrilən “Keşlə”dən ayrıldıqdan sonra adı gah “Neftçi”, gah “Səbail”lə yanaşı hallanan bu şəxsə sözügedən klublar həvalə olunmadı.

Nəhayət, ötən ay Zaur bəyin adı iki yeni klubla yanaşı hallanmağa başladı. Onun öncə 1-ci Liqada yarışacaq “İrəvan”a, daha sonra isə Premyer Liqaya dönən “Araz-Naxçıvan”a rəhbər olacağı deyildi. Rəsmiyyətdə heç biri reallaşmadı, amma…

…Amma əslində hər iki klub buşəxsin kurasiyasına verilib. Görünür, İK üzvü, federasiya prezidenti olmasına görə onu vəzifəyə rəsmən təsdiqləməyiblər. Əvvəllər edirdilər, indi isə ayıb sayıblar, sadəcə, bu klublarda onu əsas söz sahibi edib formal rəhbərlər qoyublar.

Bu gün “Araz-Naxçıvan”a Zaur bəyin qardaşı Ramin Axundovun, müxtəlif postlara onun sabiq işçilərini təyinatı iddialarımıza şübhə yeri qoymur. Bu komandaya məşqçi gedən Əfran İsmayılovun açıqlaması da təsdiqdir. Sabiq futbolçu Zaur Axundova görə “Səbail”dən ayrılaraq muxtar respublikaya yollandığını bildirmişdi.

Üstəlik, “İrəvan”a da vaxtilə Zaur bəyin köməkçisi olmuş şəxs rəhbər təyin olunub, onun kadrı Rüstəm Əliyev baş məşqçi, daim “Keşlə”də oynamadan saxlayıb maaş verdiyi Ruslan Əmircanov köməkçi-məşqçi olacaq.

Zaur bəyin qardaşının həm də “Araz-Naxçıvan” futzal klubunun rəhbəri olduğunu nəzərə alsaq, Axundov Premyer Liqada, 1-ci Liqada, futzal çempionatında komanda sahibi olacaq, Futzal Federasiyasında və İcraiyyə Komitəsində fəaliyyətini davam etdirəcək. Və o, bütün bu iş yerlərində yalnız dövlət vəsaitinin xərclənməsi ilə məşğul olacaq. İndiyədək Azərbaycan futbolunun inkişafı üçün hər hansı bir uğurunu görmədiyimiz şəxsə bu qədər səlahiyyət verilirsə, ya Rövnəq Abdullayevin sevimli kadrı olduğu üçün belə edirlər, ya da bilmədiyimiz hansısa özəlliyi var.

Özləri bilər, amma bir məqamla bağlı narahatlığımızı vurğulamalıyıq. “İrəvan”la bağlı bir az diqqətli olmaq lazımdır. Bu layihəyə hansı səviyyədə böyük önəm verildiyindən xəbərdarıq. Gələn mövsüm Premyer Liqaya yüksəlməsi üçün böyük vəsait ayrılan klubun arzulanan layihəyə çevrilməsi üçün daha peşəkar idarəçilik vacibdir. İşə başlamamış xəbərdar edək ki, seçimlərə bir daha diqqət etsinlər.

Klub idarəçiliyində önə çıxan yeni Axundovun idarəçiliyinə bələd deyilik, önyarqılı olmayaraq, uğur arzulayırıq. Yəqin ki, mövsüm ərzində yollarımız kəsişəcək.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp