“Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaq və bundan sonra mümkün qədər irəliləmək olacaq”.
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qadın voleybolçusu Ayşən Abduləzimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
30 yaşlı oyunçu qitə birinciliyinə iddialı yollanacaqlarını bildirib: “Bu il millimizə yeni baş məşqçi təyin olunub. O, hazırlıqları fərqli sistemdə keçir, yeni taktikalara uyğun məşq edirik. Polina Rəhimova da bu il komandaya qoşuldu. Bu, bizə əlavə güc verəcək. Qrupdakı rəqiblərimiz kifayət qədər güclüdürlər. Bununla belə, qrupdan çıxmaq üçün yaxşı şansımız var. Bunun üçün əlbəttə ki, daha yaxşı mübarizə aparmalıyıq. Son illər müəyyən səbəblərdən istədiyimiz kimi nəticə göstərə bilmirik. İnanıram ki, bu dəfə uğurlu nəticə qazanarıq, reytinq xallarımızı yüksəldəcəyik. Bu da voleybolumuzun inkişaf etməsinə və əvvəlki səviyyəsinə çatmasına töhfə olar”.
O, Bosniya və Herseqovinada keçirdikləri təlim-məşq toplanışını da yüksək qiymətləndirib: “Oradakı hazırlıq çərçivəsində üç yoxlama matçı oynadıq, müxtəlif taktikalar üzərində çalışdıq. Düşünürəm bunlar qarşıdakı oyunlarda bizə kömək olacaq. Artıq Azərbaycana qayıtmışıq. Sabah yenidən tam qaydada hazırlıqlara start verəcəyik. Bakıda da bir neçə yoldaşlıq oyunu nəzərdə tutulur. Bütün bunlar bizə öz oyunumuzu tapmağa, tam formalaşmağa kömək olacaq”.
Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.