Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun 5 futbolçusu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək ilk oyunu buraxa bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Sarayevo təmsilçisinin baş məşqçisi Nermin Başiç məlumat verib.
Onun sözlərinə görə, zədəlilərdən ikisinin meydana çıxmayacağı artıq dəqiqləşib. Bunlar yarımmüdafiəçilər Semir Ştiliç və Edin Rustemoviçdir.
Müdafiəçilər İrfan Yaşareviç, Edin Kokaliç və yarımmüdafiəçi Hamza Qasalın da iştirakı sual altındadır.
Yeri gəlmişkən, “Neftçi”nin “Jelezniçar”a qarşı keçirəcəyi bu oyuna görə Sarayevoda nəqliyyatın hərəkəti dayandırılacaq. Konkret olaraq Zvorniçka küçəsində Bakı vaxtı ilə saat 21:00-dan etibarən nəqliyyatdan istifadə mümkün olmayacaq.
Yerli Nəqliyyat Nazirliyi “Jelezniçar” – “Neftçi” görüşünün təhlükəsiz təşkili üçün bu qərarı qəbul edib. Zvorniçka küçəsində insanlar 5 saat nəqliyyatdan yararlana bilməyəcəklər.
Qeyd edək ki, “Qrbavitsa” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.